...

Litvalı tarixçi ermənilərin yalanlarını üzə çıxarıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2012 13:25 (UTC +04:00)
Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü, litvalı tarixçi Arvidas Banyulis yazdığı geniş analitik məqalədə ermənilərin Azərbaycan ərazilərinə köçürülmə tarixini erməni təbliğatı şablonlarına uyğun saxtalaşdırıb təqdim etmək cəhdlərini konkret faktlar və real tarixi bilgilər əsasında alt-üst edib.
Litvalı tarixçi ermənilərin yalanlarını üzə çıxarıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü, litvalı tarixçi Arvidas Banyulis yazdığı geniş analitik məqalədə ermənilərin Azərbaycan ərazilərinə köçürülmə tarixini erməni təbliğatı şablonlarına uyğun saxtalaşdırıb təqdim etmək cəhdlərini konkret faktlar və real tarixi bilgilər əsasında alt-üst edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Litvanın aparıcı portallarından biri olan www.balsas.lt resursunda iyulun 13-də Arvidas Banyulisin "A.Kaşeta və D.Kuodite birlikdə Ermənistanın yox, Azərbaycanın maraqlarını necə müdafiə etdilər" adlı geniş həcmli analitik məqaləsi yerləşdirilib. Məqalə Litva Respublikası Seyminin "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə Qətnamə" ilə bağlı 10 may 2012-ci il tarixli iclasının stenoqramı əsasında yazılıb.

Sözügedən qətnamənin layihəsi bir qrup millət vəkilinin təşəbbüsü ilə Litva Respublikası Seyminin katibliyində hələ 2010-cu ilin dekabr ayında qeydiyyatdan keçirilmişdi. Sənədin parlamentdə qəbul edilmək üçün hazırlanmış layihəsinə Seymin 141 üzvündən 75 nəfəri imza atmışdılar. 10 may 2012-ci il tarixində Qətnamə qəbul edilmək üçün Seymin plenar iclasının gündəminə salınmışdı. Müzakirələrdən sonra sənəd səsverməyə qoyuldu və səsvermədə Seymin 68 üzvü iştirak etdilər. Onlardan 29 nəfər Qətnamənin qəbul edilməsinin lehinə, 15 nəfər əleyhinə səs verdilər və 24 nəfər millət vəkili isə bitərəf qaldılar. Beləliklə, sənədin qəbul edilməsi üçün cəmi 6 səs çatmayıb.

Litvalı müəllifin məqaləsində qətnamə ilə bağlı Litva parlamentində getmiş siyasi spekulyasiyalar, habelə Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətə Litvada dəstək verən bir sıra millət vəkillərinin fəaliyyəti kəskin şəkildə pislənib. Banyulis yazısında Litva-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Algis Kaşetanın və həmçinin bu qrupun üzvlərindən olan Dangute Mikutiene, Egidiyus Klumbis və Dalya Kuoditenin çıxışlarının riyakar üzünü açıqlayır və onların ermənilərin Azərbaycan ərazilərinə köçürülmə tarixini erməni təbliğatı şablonlarına uyğun saxtalaşdırıb təqdim etmək cəhdlərini konkret faktlar və real tarixi bilgilər əsasında alt-üst edir.

Müəllifin fikrincə, bu deputatların çıxışlarındakı saxta pafos və ritorika, süni lirik məcazlar, ermənisayağı məşəqqət zarıltılarına uyğun bənzətmələr Qarabağ münaqişəsi ilə bağlı tam məlumatı olmayan millət vəkillərini çaş-baş salmaq və primitiv instinktləri qıcıqlandırmaq üçün nəzərdə tutulub. Misal üçün, qeyzli ermənipərəst deputat D.Kuoditenin Qarabağın keçmişi barədə bilgilərinin dərinliyini bu xanımın Seymin sözügedən iclasında tribunadan bəyan etdiyi belə bir triada çox gözəl təsdiq edir.

"İkinci Dünya müharibəsindən sonra britaniyalılar yaxşı münasibətləri qoruyub saxlamaq məqsədi ilə Dağlıq Qarabağın Azərbaycana verilməsinə razı oldular və o zaman Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı və yaxud meydana gəldi",- müəllif yazır.

Litvalı tarixçi Banyulis qısa etnoloji tutuşdurmalar apararaq, 220 mindən artıq polyakın yığcam yaşadığı Vilnüs vilayəti ilə Dağlıq Qarabağda etnik təmizləmələrə qədər mövcud olan demoqrafik vəziyyət arasındakı oxşaqlıqları ağlasığmaz mülahizələri ilə Vilnüsdə və Strasburqda artıq çoxdan abrakadabra yönümlü cümlələr müəllifi kimi tanınmış millət vəkili D.Kuoditenin diqqətinə çatdırır. Sonra isə müəllif ona istehzalı və üstüörtülü bir formada Vilnüs vilayətinin Polşaya qatılması barədə müvafiq sənədin qəbul etdirilməsi barədə düşünməyi təklif edir.

Bununla yanaşı, yazıda ustalıqla eyhamlar vurulub ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına məhəl qoymayan, Azərbaycanın ərazi bütövlüyü barədə nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələri qulaq ardına vuran və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması barədə Avropa qurumlarının tələblərini eşitmək istəməyən Seymin deputatları beynəlxalq hüquqa və bəşəri ədalət prinsiplərinə hörmət etmirlər, Litvanın da üzv olduğu Avroatlantik təşkilatların fəaliyyətinə və nüfuzuna xələl gətirirlər. Bununla da Avropa Birliyi xalqlarının siyasi dəyərlərinə, rasional əql və iş görmək tərzinə aid olan keyfiyyət kateqoriyaları ilə düşünmədiklərini nümayiş etdirirlər.

Litvalı müəllif hesab edir ki, həmin sənəddə Litva millət vəkilləri tərəfindən Dağlıq Qarabağın gələcək statusu məsələsi də heç bir halda qoyulmamalı idi. Belə ki, həmin məsələnin qoyuluşu müəyyən mənada təcavüzkarın hərəkətlərinə bəraət qazandırır və nəticəsiz sülh danığıqlarının qapalı dairədən çıxmasına imkan vermir. Odur ki, A. Banyulis hesab edir ki, millət vəkilləri A. Kaşeta və D. Kuodite Rezolyusiyanın qəbul edilməməsi üçün birgə səylər göstərməklə Ermənistanın yox, Azərbaycanın maraqlarını müdafiə ediblər.

Xəbər lenti

Xəbər lenti