...

Azərbaycan ATƏT sammitində Dağlıq Qarabağ üzrə irəliləyişin əldə olunacağına ümid edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2012 10:46 (UTC +04:00)
Bakı ATƏT nazirlərinin Dublindəki illik iclasında ölkə qarşısında duran bir sıra məsələlərin həllində, o cümlədən Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üzrə real irəliləyişə nail olunacağına ümid edir.
Azərbaycan ATƏT sammitində Dağlıq Qarabağ üzrə irəliləyişin əldə olunacağına ümid edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakı ATƏT nazirlərinin Dublindəki illik iclasında ölkə qarşısında duran bir sıra məsələlərin həllində, o cümlədən Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üzrə real irəliləyişə nail olunacağına ümid edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "The Wall Street Journal"da dərc olunan məqaləsində deyilir.

"Qafqazda sülh əməkdaşlıq və regional inteqrasiya üçün yeni imkanlar açardı. Bizim hamımız digər Avropa ölkələrinə çatmaq üçün daha sürətlə inkişaf edə bilərdik. Dublindəki iclas bizim üçün fürsətdir. Mən erməni həmkarlarımızı bizimlə birgə bu fürsətdən istifadə etməyə çağırıram", - Məmmədyarov yazır.

Onun sözlərinə görə, Azərbaycan neft və qaz ehtiyatları sayəsində iqtisadi cəhətdən çiçəklənir, lakin təhlükəsizlik məsələləri ölkənin əsas prioritetlərindən biridir.

"Xəzər regionu qonşular arasında siyasi problemdən sürətlə açıq münaqişəyə keçə biləcək gərginlikdən əziyyət çəkir. Mənim ölkəm üçün ən narahatedici və dağıdıcı məsələ qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır", - nazir yazır.

Məmmədyarov qeyd edir ki, bu region Azərbaycana məxsusdur: "Erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunu işğal edib. Doğma yurd-yuvalarından qovulmuş bir milyona yaxın Azərbaycan vətəndaşının yaşadığı yerlər işğal edilib".

Nazirin sözlərinə görə, nəticədə Ermənistanla hər hansı əlaqə, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət praktiki olaraq yoxdur.

"Azərbaycan öz iqtisadiyyatını, enerji resurslarını və Avropa ilə münasibətlərini inkişaf etdirməkdən ötrü sülh istəyir. Lakin qonşumuz Ermənistan Azərbaycanla sülhdə maraqlı deyil. Bu ölkə regionda bir çox halda Dağlıq Qarabağ münaqişəsinə görə təcrid edilib. Ölkə neft və qaz kəmərlərinin keçdiyi, həmçinin Gürcüstan vasitəsilə Azərbaycan və Türkiyə arasında yeni dəmiryol xətti layihəsi kimi bütün regional infrastruktur və enerji layihələrindən kənarlaşdırılıb. Yalnız davamlı sülhə nail olacağımız halda, Ermənistan bu regional layihələrdə əlaqədar tərəf ola bilər", - Məmmədyarov yazır.

Nazirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropanın xeyrinə olacaq.

"Azərbaycan Türkiyə ilə imzalanmış boru kəməri layihəsi üzrə yeni sazişlə Avropaya enerjidaşıyıcıların iri ixracatçısına çevriləcək. Avropa tezliklə Azərbaycandan 10 milyard kubmetr təbii qaz alacaq. Bu həcm sonda 20 milyard kubmetrdən çox həcmə qədər arta bilər", - o yazır.

Məmmədyarovun sözlərinə görə, Avropanın iqtisadi maraqları Azərbaycanda və regionda energetika çərçivəsindən kənara çıxır. "Qafqazda sabitlik indi Avropanın daxili təhlükəsizliyinin bir hissəsidir, bu, artıq Avropa İttifaqının periferiya ilə qarşılıqlı fəaliyyəti məsələsi deyil", - Xarici İşlər Nazirliyinin rəhbəri yazır.

"Bir məsələ aydın olmalıdır: biz Azərbaycan ərazilərinin bölünməsini qəbul etməyəcəyik. Bizim ərazi bütövlüyümüzə hörmət edilməlidir, çünki bu, beynəlxalq hüquqdur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bizim ərazimizdən Ermənistan qoşunlarının təcili, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran dörd qətnamə qəbul etdi. Ermənistan qoşunlarının çıxarılması hərtərəfli olmalıdır və bu, artıq indi baş verməlidir", - nazir yazır.

Məmmədyarovun sözlərinə görə, Bakının mövqeyi çevikdir və Azərbaycan istənilən sülh prosesini dəstəkləməyə hazırdır: "Biz Dağlıq Qarabağ üçün real iqtisadi inkişaf planına, həmçinin ciddi investisiya planına malikik".

Nazirin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli yalnız bütün tərəflərin siyasi iradəsi olduğu halda mümkündür.

"Azərbaycan münaqişənin təcili nizamlanmasının qatı tərəfdarıdır və biz regionumuzda sabit iqtisadi vəziyyətin və təhlükəsizliyə təminatın yaradılmasına səy göstəririk. Mən bu məsələdə Dublində irəliləyişə nail olunacağına ümid edirəm", - nazir yazır.

Məmmədyarov qeyd edib ki, müəyyən müddət ərzində hərtərəfli sülh sazişinin hazırlanmasından sonra ATƏT bütün tərəflərin iştirakı ilə Minsk qrupunun yeni görüşünü razılaşdırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti