Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan ilə Ermənistan arasında müharibə hər an başlaya bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.
SAM direktoru qeyd edib ki, münaqişə tərəfləri arasında hər hansı 3-cü qüvvənin olmaması müharibənin hər an başlaya biləcəyi üçün şərait yaradır.
Məmmədovun sözlərinə görə, Azərbaycan Republikasının rəsmiləri bəyan ediblər ki, Ermənistan danışıqları süni şəkildə uzadır və bu dəfə də əsas bəhanə kimi Ermənistanda keçiriləcək prezident seçkilərini göstərir.
"Azərbaycan tərəfi təşəbbüslə çıxış edib ki, sülh sazişi imzalansın. Azərbaycan sülh prosesinin və danışıqların aparılmasının marağındadır, lakin heç vaxt müharibə yolundan imtina etməyib. Bu, Azərbaycanın təbii haqqıdır, çünki Azərbaycan Respublikasının sərhədlərinin müharibə yolu ilə dəyişdirilməsinə cəhd olub. Buna qarşı da hər bir müstəqil ölkənin öz müdafiə hüququndan istifadə etməyə haqqı var", - Məmmədov deyib.
SAM direktorunun fikrincə, Azərbaycan danışıqlarda 2013-cü il ölkədə keçiriləcək prezident seçkilərindən bəhanə kimi istifadə etmir, çünki Azərbaycan xalqının və hakimiyyətinin Dağlıq Qarabağ probleminə yanaşmada vahid mövqeyi var.