...

Türkiyə parlamentində Xocalı soyqırımına aid sərgi açıldı (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 15:58 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin sərgi salonunda Xocalı soyqırımına həsr olunmuş “İşğaldan öncə və sonra Qarabağda Üç Nəsil, Bir Soyqırım” adlı sərginin açılış mərasimi keçirilib.
Türkiyə parlamentində Xocalı soyqırımına aid sərgi açıldı (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin sərgi salonunda Xocalı soyqırımına həsr olunmuş "İşğaldan öncə və sonra Qarabağda Üç Nəsil, Bir Soyqırım" adlı sərginin açılış mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə Türkiyə parlamentinin sədr müavini xanım Meral Akşənər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Milli Məclisin üzvü Elman Məmmədov, AMEA-nın tarixçi alimləri, Xocalı soyqırımı hadisəsinin şahidləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, yerli media və QHT nümayəndələri iştirak ediblər.

Sərgini giriş sözü ilə açan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri N.Ünüvar Xocali soyqırımının, həmçinin tarixdə soydaşlarımıza qarşı törədilən digər soyqırım aktlarının dünyada tanıdılması üçün birgə çalışmaların əhəmiyyətindən danışaraq təşkil olunan sərginin bu istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb. Açılış mərasimindən sonra Xocalı soyqırımının şahidləri nümayiş olunan şəkillər və əşyalar haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat veriblər.

Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin Ermənistan tərəfindən zəbt olunmasından əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən fotostentlər qurulub, digər əyani vəsaitlər nümayiş olunub, iştirakçılara Qarabağ həqiqətlərinə dair kitablar paylanılıb.

Mərasimdə iştirak edən rəsmi şəxslər sərginin xatirə kitabına ürək sözlərini yazıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti