Bakı. Fikrət Doluxanov - Trend:
Azərbaycanın müasir tarixinin ən qanlı və faciəvi hadisəsindən 26 il ötüb.
Trend-in məlumatına görə, bu barədə Belçikanın “Brussels News” onlayn qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Xocalı qırğını bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmış soyqırımıdır:
“Hüquq müdafiə təşkilatları və beynəlxalq KİV-lərin hesabatlarına əsasən, 1992-ci il 26 fevral hadisələri zamanı Xocalıda yüzlərlə dinc yalnız azərbaycanlı olduqlarına görə, xüsusi qəddarlıqla qətlə yetirilmişdi”.
Müəllif vurğulayır ki, bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. On minlərlə azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və öz doğma torpaqlarına qayıda bilmir.
Məqalədə o da bildirilir ki, Azərbaycan dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlandırılması üçün “Xocalıya ədalət” beynəlxalq kampaniyasını işə salıb. Bugünkü gün 15-dən çox ölkə Xocalı soyqırımını tanıyıb:
“2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi etnik təmizləmənini qurbanı olan və öz torpaqlarına qayıtmaq hüququndan məhrum edilən yeddi azərbaycanlının xeyrinə qərar verdi və onlara Dağlıq Qarabağdakı əmlakına görə təzminat ödəmək hökmü çıxardı. Bu, erməni aqressiyasına hüquqi qiymət verilməsinə nail olmaq yolunda növbəti addım idi”.
Məqalə o fikirlə başa çatır ki, Ermənistanla Azərbaycan arasında sülh beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqi səbəbləri və nəticələrinə ədalətli qiymət verməsinədək və münaqişənin ən qanlı səhifələrindən biri – Xocalı faciəsinə göz yumanadək uzaq perspektivdə qalacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.