Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül hesab edir ki, Azərbaycanda demokratiya getdikcə daha da güclənəcək və Avropa standartlarına uyğunlaşacaq. O, bu barədə çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında açıqlama verib.
Gül bildirib ki, Türkiyə və Azərbaycan Avropa Şurasının üzvləridir və onların hədəfi demokratiyadır: "Demokratiya isə, zamanla əldə olunur, əsas odur ki, bunun üçün iradə ortaya qoyulsun. Azərbaycanda bu iradəni hələ mərhum prezident Heydər Əliyev göstərib. İlham Əliyevin də buna çalışdığına inanıram" -deyə Türkiyə prezidenti bildirib.
Gül bildirib ki, demokratiya sahəsində hər bir ölkənin əskiklikləri var, Türkiyə də yeni islahatlar aparır, çatışmazlıqlarını düzəldir: "Önəmli olan demokratiyaya doğru istiqamət götürməkdir".
Gül Azərbaycanın Türkiyə ilə hələ də viza rejimini saxlamasına münasibət bildirərkən deyib ki, özü hələ xarici işlər naziri olarkən, Türkiyə bütün türkdilli dövlətlərə qarşı viza rejimini ləğv etmişdi. Onun sözlərinə görə, Azərbaycan tərəfində bəzi texniki problemlər olduğuna görə, viza rejiminin ləğvi hələ reallaşmır və Türkiyə bunu anlayışla qarşılayır: "İnanırıq ki, önümüzdəki zamanda viza problemi artıq qalmayacaq".
Gül Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstəyi barədə danışarkən deyib ki, ölkəsi işğalın, zorla sərhədlərin dəyişdirilməsinin əleyhinədir və Qafqazda münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır: "Dünyanın bir çox problemlərinin həllinə çalışan Türkiyə Qarabağ problemini görməməzliyə vura bilməz"-deyə Türkiyənin dövlət başçısı bildirib.
O, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.