...

AMİP sədrinin səlahiyyətlərini baş katib yerinə yetirəcək

Siyasət Materials 27 Dekabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) sədrinin səlahiyyətlərini partiyanın baş katibi Fuad Muxtarov yerinə yetirəcək. Bu barədə cümə axşamı Trend ə Muxtarov məlumat verib.

Rüstəmov dekabrın 25-də səhhətindəki problemlə əlaqədar olaraq, AMİP sədrliyindən istefa verdiyini açıqlayıb.Onun bildirdiyinə görə, istefa ərizəsini təzyiq altında yazmayıb. Partiyanın lideri Etibar Məmmədov Trend ə açıqlamasında Rüstəmovun istefasının,onun səhhəti ilə bağlı olduğunu və partiyada bu posta layiqli kadrların olduğunu bildirib.

Muxtarov deyib ki, partiyanın Nizamnaməsinə əsasən, sədr istefa verərsə, onun səlahiyyətləri avtomatik olaraq baş katibə keçir. "Siyasi Şuranın növbəti toplantısı yanvar ayının ortalarına təsadüf edəcək. İclasda müraciətə münasibət bildirildikdən sonra, Nizamnaməyə uyğun olaraq, qurultaya hazırlıq işlərinə başlanılacaq" - baş katib əlavə edib. Muxtarov AMİP sədrliyinə namizədliyini verəcəyini istisna etməyib. Onun sözlərinə görə, hazırda ölkədə siyasi partiyaların fəaliyyət göstərməsi üçün əlverişli şərait yoxdur. "Düzü, mən belə siyasi ab-havanın olduğu dövrdə partiya sədri olmaq istəmirəm. İnanıram ki, sədrliyə gəlsəm , çox şeyə nail ola bilərəm. Bir şərtlə ki, fəaliyyət üçün normal şərait olsun. Qurultaya kifayət qədər vaxt var"- Muxtarov deyib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. Rüstəmov 2006-cı ilin yanvarın 22-də keçirilən qurultayda AMİP-in sədri seçilib.

Xəbər lenti

Xəbər lenti