Rumıniya, Buxarest, 03 aprel/ Trend , müxbir Ü.Əliyev/ NATO-nun Buxarest sammitində Ukryana və Gürcüstana, Alyansa Üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməsi məsələsi üzrə konsensus yoxdur.
"Çox ehtimal ki, hər iki ölkə ÜFP üzrə dəvət almayacaqlar", - cümə axşamı Buxarestdə mətbuat katibi Ceyms Appaturay jurnalistlərə bildirib.
Bu gün NATO-nun Rumıniyada keçirilən sammitində postsovet ölkələri Ukrayna və Gürcüstana ÜFP çərçivəsində statusun verilməsi haqqında məsələ müzakirə edilib. Hələ sammitin keçirilməsinədək Rusiya, həmçinin, Fransa, Almaniya, Belçika və bəzi digər ölkələr bunun əleyhinə çıxış ediblər.
Appaturay bildirib ki, Alyansa üzv ölkələr müzakirələr zamanı NATO-nun qapılarını açıq saxlamaq haqqında vahid rəyə gəliblər. Onun sözlərinə görə, Alyansa üzv ölkələr əmindirlər ki, namizədlərə ÜFP-nin verilməsi NATO-ya üzvlük demək deyil və Alyansa üzv olmayan dövlətlər bunun əleyhinə çıxış edə bilməzlər.
Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bu gün RİA "Novosti",-yə bildirib ki, NATO-nun sammiti Ukrayna və Gürcüstanın Üzvlük üzrə Fəaliyyət Planına qoşulmasını təxirə salmaq qərarına gəlib. Roqozinin sözlərinə görə, Ukrayna və Gürcüstan üzrə sammitin rəsmi bəyanatı açıqlanmayıb, "sənəd üzərinə iş aparılır".
Aprelin 2-də Rumıniyanın paytaxtında NATO-nun sammiti işə başlayıb. Sammit aprelin 4 -dək davam edəcək. Bu görüş blok tarixində ən iri görüş kimi planlaşdırılıb - görüşdə Alyansa üzv bütün 26 dövlət və hökumətlərin rəhbərləri, həmçinin, Alyansın tərəfdaşı olan ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.
Bu sammitdə Albaniya və Xorvatiyanın NATO üzvlüyünə qəbulu gözlənilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]