...

ABŞ prezident seçkisini müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib

Siyasət Materials 4 Aprel 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.İlhamqızı/ ABŞ bu gün ATƏT-ə prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərib. Trend in məlumatına görə, bu il noyabrın 8-də ABŞ Prezidentliyinə, ABŞ Senatında üzvlərin üçdə biri və Nümayəndələr Palatasının bütün üzvlüyünə keçiriləcək seçkilərdə ATƏT-in Parlament Assambleyası və Demokratik Təsisastlar və İnsan Haqları Bürosu müşahidələr aparmağa dəvət edilib. Həmçinin ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) müşahidə missiyalarına və müşahidəyə hazırlıq işlərinə rəhbərlik etməyə dəvət edib.

ABŞ dəvətini seçkilərdən 7 ay öncə ATƏT-in DTİHB-yə və Parlament Assambleyasına müşahidə missiyası yerinə yetirməyə icazə verib.

ABŞ-ın ATƏT-dəki səfiri Culiya Finley bu gün açıqlamasında bildirib ki, ABŞ bu dəvətini ATƏT-in qarşısında öhdəliklərini yerinə yetirdiyini sübut etmək üçün əla imkan hesab edir.

"ATƏT-in DTİHB-nin və Parlament Assambleyasının seçkilərin müşahidəsində geniş təcrübəsi var. Keçən onillikdə bu qurumlar 150 seçki prosesini müşahidə edib, ATƏT-in bütün regionlarından olan yüzlərlə ekspert və müşahidəçilərini göndərib. ABŞ beynəlxalq müşahidəçiləri 1996, 1998, 2002, 2004, 2006-cı illərdəki seçkiləri müşahidə etməyə dəvət etməklə ATƏT-ın öhdəliklərini ardıcıl olaraq yerinə yetirir"-deyə səfir bildirib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasından isə Trend a bildiriblər ki, ABŞ-dakı seçkilərin müşahidəsi ilə bağlı hələlik ATƏT-dən heç bir dəvət daxil olmayıb.

"Seçkilərini müşahidə etmək üçün ATƏT-ə dəvət göndərmək o deməkdir ki, ATƏT 55-56 ölkəni müşahidə missiyasına cəlb edə bilər. Bu proses müəyyən bir vaxt aparacaq və ATƏT bu quruma üzv ölkələrə dəvət göndərəcək"-deyə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ-ın seçki strukturları arasında seçkilərin müşahidəsinə dair ikitərəfli əməkdaşlıq yoxdur, çünki ABŞ-da federal seçki strukturları yalnız seçkiyə nəzarət edir, maliyyə məsələləri ilə məşğul olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti