...

Hakim partiya qərb dövlətlərinin Azərbaycanda təxribat xarakterli aksiyalar hazırladığını bəyan edib

Siyasət Materials 7 Aprel 2008 13:41 (UTC +04:00)
Hakim partiya qərb dövlətlərinin Azərbaycanda təxribat xarakterli aksiyalar hazırladığını bəyan edib

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası bəyan edib ki, müəyyən qərb dövlətləri və onların ölkəmizdəki səfirlikləri Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi ölkənin imicinə mənfi təsir göstərə biləcək planlar hazırlayıb. Bu barədə bazar ertəsi jurnalistlərə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Novruzovun sözlərinə görə, Azərbaycana qarşı planların hazırlanmasında məqsəd Ermənistanda bu il keçirilən seçkilər fonunda baş verən hadisələrdən diqqəti yayındırmaq və Azərbaycanı Ermənistanla eyni cərgədə qoymaqdır. O bildirib ki, hakim partiya müəyyən qərb ölkələrinin Azərbaycanda təxribat xarakterli aksiyalar təşkil edəcəyini istisna etmir. Konkret hansı dövlətlərin nəzərdə tutulduğuna gəldikdə isə Novruzov bildirib ki, seçkilər öncəsi təxribat xarakterli addımlar davam edəcəyi təqdirdə həmin ölkələrin adları açıqlanacaq. YAP rəsmisi hesab edib ki, Azərbaycanda bir qrup jurnalistin keçirdiyi aclıq aksiyasının müəllifləri həmin qərb ölkələridir.

Jurnalistlərin martın 27-dən əvəzləmələrlə keçirilən aksiyası "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır. 12 saylı Cəzaçəkmə Müəssisəində saxlanılan Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını tələb edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti