...

Azərbaycanın hakim partiyası seçki kampaniyasına ayrılan müddətin azaldılmasında israrlıdır

Siyasət Materials 15 May 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, Azərbaycanda seçki kampaniyasına və təşviqatına ayrılan müddətin azaldılması gündəmdən çıxmayıb. "Biz bu məsələni Milli Məclisdə müzakirələr zamanı yenidən qaldıracağıq və 120 günlük seçki kampaniyasının 45, ya da 60 günə endirilməsinin, seçki təbliğatının isə 60 gündən iki və ya üç həftəyə salınmasının seçki qanunvericiliyində əksini tapmasına nail olmaq niyyətindəyik", cümə axşamı Trend -a YAP-dan olan millət vəkili Aydın Mirzəzadə deyib.

Seçki Məcəlləsinə dəyişikləri nəzərdə tutan layihə çərşənbə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasında müzakirə edilib və parlamentin müzakirəsinə təqdim olunub. Layihə ayın sonunda müzakirə edilərək, qəbul olunacaq. Sənəddə namizədlər üçün Seçki Fondunun artırılması, rəsmi KİV-lərdə pulsuz seçki təbliğatının aparılmasının ləğv olunması kimi məsələlər yer alsa da, seçki kampaniyası və təşviqatına ayrılan müddətin azaldılması qeyd olunmayıb.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra edilib.

Mirzəzadə deyib ki, beş il ərzində Azərbaycanda üç seçki - parlament, prezident, bələdiyyə seçkiləri keçirilir. "Bunların hərəsinə dörd ay ayıranda belə çıxır ki, beş ilin bir ilini biz ancaq seçki proseslərinə sərf edirik. Cəmiyyəti bu qədər digər məsələlərdən ayırmaq olmaz. Hakim partiyanın bu təklifi həm də bitərəf millət vəkilləri tərəfindən dəstək alıb. Müxalifətin bu məsələnin əleyhinə çıxması isə başadüşülən deyil. Seçilməyi yalnız təbliğatla nəzərdə tutmağın özü absurddur" Mirzəzadə əlavə edib.

Hakim partiya Milli Məclisdə 64 millət vəkili ilə təmsil olunur, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti