...

Heydər Əliyev suveren demokratik Azərbaycanın memarıdır – Prezident Aparatının rəhbəri

Siyasət Materials 15 May 2008 13:48 (UTC +04:00)

Rusiya, Moskva, 15 may / Trend , müxbir R.Ağayev / "Heydər Əliyev - tarixdir, şəxsiyyətdir, suveren demokratik Azərbaycanın qurucusu və memarıdır, o, gələcək nəsillərə özünü təmin edə bilən müstəqil dövlət miras qoyub", - deyə Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü Moskvada keçirilən keçmiş prezident Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış edib.

Mehdiyevin sözlərinə görə, Heydər Əliyevin tərcümeyi-halı hər bir müasir siyasətçi üçün nümunədir. "Həm Azərbaycanda, həm də keçmiş sovet respublikalarında çox şey ulu Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, o, bunları insanların rifahı naminə edib və təqlid üçün həqiqi nümunə ola bilər", - deyə Prezident Aparatının rəhbəri bildirib. Mehdiyevin sölərinə görə, Heydər Əliyevin adı Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Konrad Adenauer kimi görkəmli şəxsiyyətlərlə bərabər dünya tarixinə qızıl hərflərlə yazılıb.

O qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti Rusiya ilə sıx bağlı olub.

Mehdiyev xatırladıb ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyi tərəfindən Bakıda yüzlərlə dinc vətəndaşlara qarşı törədilən qanlı divanı pisləyib və Azərbaycan xalqına qarşı törədilən cinayətin səbəbkarlarının həbs edilərək cəzalandırılmasını tələb edib. "Bundan əlavə, SSRİ rəhbərliyinin Ermənistanın dəstəyi və təşəbbüsü ilə Dağlıq Qarabağla bağlı separatçı çıxışlarını özündə əks etdirən xəyanətkar siyasətinə etiraz əlaməti olaraq partiya biletindən imtina edərək Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib və sərt barışmaz vətəndaş mövqeyini ifadə edib", - deyə Mehdiyev bildirib.

Prezident Aparatı rəhbərinin sözlərinə görə, Heydər Əliyev stabil Azərbaycan dövləti formalaşdırıb, onun xarici siyasət prioritetlərini müəyyən edib, Azərbaycanın möhkəm və sarsılmaz olması üçün özül yaradıb. O əmin edib ki, ölkənin nüfuzunun və beynəlxalq imicinin yüksəldilməsinə yönəldilmiş dövlətçiliyin möhkəmləndirilməsi siyasəti Azərbaycanın hazırkı prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. "Son dörd ildə İlham Əliyev məharətlə milli mövqe və geosiyasi xüsusiyyətləri nəzərə almaqla, iqtisadi cəhətdən uğurlu olan dövləti həm də demokratik dövlətə çevirməyi bacardı", - deyə Mehdiyev bildirib.

Mehdiyev əlavə edib ki, İlham Əliyev Cənubi Qafqazda Azərbaycanın liderliyini saxlamaqla Rusiya ilə strateji tərəfdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. "Biz Rusiyaya qarşı münasibətdə bütün sahələrdə əlaqələrin gələcəkdə də genişləndirilməsi, inkişafı və dərinləşdirilməsi zərurəti mövqeyindən çıxış edirik. Rusiya azərbaycanlıları və Azərbaycanda yaşayan ruslar iki xalq arasında çox əsrlik dostluq və xoş qonşuluq ənənələrə hörmətlə yanaşırlar, belə ki, bu - siyasi, iqtisadi, sosial mədəniyyət, humanitar və ailə telləridir", - deyə Mehdiyev bildirib.

Heydər Əliyevin xatirəsinə həsr olunan təntənəli gecə və konsert proqramı Rusiya Federasiyası hökuməti, Moskva meriyası və Heydər Əliyev Fondunun dəstəyi ilə Birlik Evinin Sütunlu Zalında keçirilib.

Xəbər lenti

Xəbər lenti