...

Azərbaycanda seçki komissiyalarının paritet əsasda formalaşdırılmamasına görə məsuliyyəti müxalifət partiyaları daşıyır – birinci vitse-spiker

Siyasət Materials 2 İyun 2008 15:00 (UTC +04:00)
Azərbaycanda seçki komissiyalarının paritet əsasda formalaşdırılmamasına görə məsuliyyəti müxalifət partiyaları daşıyır – birinci vitse-spiker

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin birinci vitse-spikeri hesab edir ki, seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmamasına görə məsuliyyəti müxalifət partiyaları daşıyır. "Müxalifət 2000-ci ildə Mərkəzi Seçki Komissiyasının iclaslarını boykot etməklə seçki komissiyalarının paritet əsasda formalaşdırılmasında maraqlı olmadığını göstərdi", - deyə parlamentin bazar ertəsi keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

Dəyişikliyə əsasən, seçki kampaniyası müddəti dörd aydan 75 günə endirilib, namizədlərin pul depoziti hesabına qeydiyyata alınması ləğv edilib, namizədlərin qeydiyyata alınması üçün tələb olunan imzalar 45 mindən 40 minə endirilib, dövlətdən maliyyələşən televiziya (AzTV), radio və qəzetlərdə namizədlərin pullu və pulsuz təbliğat aparması qadağan olunub, prezidentliyə namizədlərin seçki fondu bir milyon manatdan on milyon manata qədər artırılıb, hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv edilib.

Parlament 100 deputat lehinə, 3 əleyhinə və 1 bitərəf qalmaqla Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası rəy verib.

Azərbaycan müxalifəti və beynəlxalq təşkilatlar hesab edirlər ki, seçki komissiyalarının tərkibi dəyişdirilməlidir.

Əsgərov Azərbaycan hakimiyyətinin 2000-ci ildə seçki komissiyalarının paritet əsasda formalaşdırılmasına razılıq verdiyini xatırladıb: "Müxalifət partiyalarının MSK-dakı nümayəndələri iclaslara gəlməməklə seçki komissiyalarının işini iflic vəziyyətə saldılar. Ona görə də hakimiyyət məcbur oldu ki, seçki komissiyalarını hazırkı format əsasında təşkil etsin. Müxalifətin fəaliyyəti seçki prosesini pozmağa yönəlib. Ona görə də hakimiyyət müxalifətə inanmır".

Əsgərov hesab edir ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması ilə bağlı müzakirələr dayandırılmalıdır.

"Bunun günahkarı müxalifətdir. Müxalifət öz məğlubiyyətini sığortalamaq üçün bütün vasitələrdən istifadə edir", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti