Azərbaycan, Bakı, 10 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın dörd müxalif partiyasının ayrı-ayrı məsələlərlə bağlı siyasi məsləhətləşmələri, əməkdaşlığı bundan sonra da davam edəcək. "Tərəqqi Partiyasının şərti olaraq "beşlər" adlanan formatdan çıxması bizim əməkdaşlığımıza təsir etməyəcək",- deyə cümə axşamı Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend -un arayışı: "Beşlər" formatı çərçivəsində Demokrat, Müsavat, Milli İstiqlal, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forum əməkdaşlıq edir. Tərəqqi Partiyası bu formatı tərk etdiyini bildirib. Partiyanın sədri Çingiz Dəmiroğlu bundan sonra hakimiyyətin həyata keçirdiyi siyasəti müdafiə edəcəyini bəyan edib.
Hacılı bildirib ki, Dəmiroğlunun bu mövqeyi təəssüf doğurur. "Bununla belə, onun addımının ümumilikdə müxalifətin mövqelərinə hər hansı təsiri olmayacaq. "Beşlər"in taleyinə gəldikdə isə, ümumiyyətlə, belə bir blokun olması rəsmən elan edilməyib. Sadəcə, beş siyasi qurum mütəmadi olaraq bir araya gələrək, siyasi məsləşətləşmələr aparırdı. Tərəqqi Partiyasından sonra 4 siyasi qurum bir araya gəlib məsləhətləşmələr aparacaq və burada hər hansı problem yoxdur" - deyə o əlavə edib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992 - ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]