...

ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifət qüvvələrinin daha geniş iştirakını istəyir - səfirlik

Siyasət Materials 8 Avqust 2008 14:42 (UTC +04:00)
ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifət qüvvələrinin daha geniş iştirakını istəyir - səfirlik

Azərbaycan, Bakı, 08 avqust/ Trend , müxbir C.Babayeva/ ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifət və digər siyasi qüvvələrin daha geniş iştirakını istəyir, - cümə günü Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson deyib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Onun sözlərinə görə, seçkilərdə müxalifətin iştirakı plüralizmin inkişafına xidmət edəcək.

Amerika diplomatı eyni zamanda qeyd edib ki, ABŞ bir neçə müxalif partiyanın seçkilərdə iştirak etməmək qərarına hörmətlə yanaşır.

"Azadlıq" blokunda təmsil olunan iki müxalifət partiyası, Xalq Cəbhəsi, Vətəndaş və inkişaf partiyaları və "Milli Birlik" hərəkatı və bloka daxil olmayan Klassik Xalq Cəbhəsi patiyası seçkiləri boykot etmək haqqında qərar qəbul ediblər. Müsavat, Vətəndaş Həmrəyliyi, Demokratik və Böyük Quruluş partiyaları isə seçkilərdə öz namizədləri ilə iştirakdan imtina ediblər.

İndiyə qədər qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sənədləri MSK-ya təqdim edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) sənədləri MSK-ya təqdim edilib.

Xəbər lenti

Xəbər lenti