...

Prezidentin sərəncamı ilə Şamaxı Astrofizika Rəsədxanasının maddi -texniki bazası gücləndiriləcək

Siyasət Materials 5 Sentyabr 2008 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazası gücləndiriləcək və əsaslı təmiri aparılacaq. Bu məqsədlər üçün 2008 - ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 5 mln. manat ayrılacaq.

Prezident "Azərenerji" ASC, "Azəriqaz" QSC və "Azərsu" ASC-yə rəsədxananı elektrik enerjisi, qaz və su ilə təmin edilməsi üzrə zəruri tədbirlər kompleksinin həyata keçirilməsini tapşırıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsədxananın telefonlaşdırılması və sürətli internetlə təmin edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliynə Şamaxı İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə təbii landşaftın mühafizəsini təmin etmək tapşırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1960 - cı ildə Azərbaycan EA Fizika İnstitutunun "Astrofizika" bölməsinin bazasında yaradılıb. Rəsədxana ulduzlardakı qeyri -stasionar proseslərin, Günəşin fizikasının və Günəş -Yer əlaqələrinin, Günəş sistemi obyektlərinin fiziki və dinamikasının kompleks tədqiqi ilə məşğul olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti