...

Yeni prezident Pakistanda vəziyyəti stabilləşdirmək üçün Qərb ilə sıx əməkdaşlıq etməlidir - Avropa Komissiyasının Əfqanıstandakı nümayəndə heyətinin keçmiş rəhbəri

Siyasət Materials 12 Sentyabr 2008 18:49 (UTC +04:00)
Yeni prezident Pakistanda vəziyyəti stabilləşdirmək üçün Qərb ilə sıx əməkdaşlıq etməlidir - Avropa Komissiyasının Əfqanıstandakı nümayəndə heyətinin keçmiş rəhbəri

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir D. İbrahimova/ Avropanın Siyasətin Təhlükəsizliyi və İnkişafı İnstitutunun elmi əməkdaşı, Avropa Komissiyasının 2002-2006-cı illərdə Əfqanıstandakı nümayəndə heyətinin keçmiş rəhbəri Karl Harbo (Karl Harbo) hesab edir ki, Pakistanda iqtisadi və siyasi vəziyyəti stabilləşdirmək üçün yeni prezident Asif Əli Zərdari Qərblə sıx əməkdaşlıq etməlidir.

"İqtisadi problemlərin öhdəsindən gəlmək və hərbçiləri silah ilə daima təmin etmək üçün Zərdariyə kömək etmək lazımdır. Onun Taliban hərəkatına qarşı mübarizədə amerikalılara etibarlı dəstək göstərəcəyinə ehtimal azdır", - deyə cümə günü Trend - a elektron poçt ilə Harbo bildirib.

Zərdari sentyabrın 6-da Pakistan prezidenti seçilib, çərşənbə axşamı and içmə mərasimi keçirilib. Ölkədə iqtisadi böhran müşahidə olunur, radikal Taliban hərəkatı ölkə ərazisində öz fəaliyyətini əvvəlki kimi davam etdirir. Onlarla mübarizə yeni prezidentin proqramının əsas maddələrindən biridir.

Ekspertin sözlərinə görə, amerikalılar Pakistanda o qədər də populyar deyillər və hər yeni partlayış və günahsız vətəndaşın ölümü onların vəziyyətini daha da pisləşdirir.

"Amerika qoşunlarının sərhəddən zorla daxil olması əlbəttə ki, ictimaiyyət və ya ordu üçün münasib deyil və ölkə lideri buna açıq aydın imkan verə bilməz", - deyə Harbo bildirib.

Onun sözlərinə görə, amerikalılar şübhəsiz ki, Pakistana böyük təzyiq göstərəcək və Zərdari Taliban hərəkatı daxilindəki ünsürləri idarə etmək və Pakistan ictimaiyyətinin gözündə Qərbin "çaldığı tütəyə" oynamadığını göstərmək üçün bütün bacarığını səfərbər etməlidir.

"Zərdari - daxili arenada ixtisaslaşdırılmış siyasətçidir və xarici səviyyədə də belə görsənməlidir", - deyə ekspert bildirib.

Harbonun fikrincə, yeni prezidentin təcili olaraq həll etməli olduğu ikinci məsələ iqtisadiyyatla bağlıdır. Neft və digər malların qiymətlərinin artması nəticəsində xeyli problem yaranıb.

"Pakistanın həmişə iki iqtisadi problemi olub: xarici ehtiyatların qənaətbəxş mövqeyinin dəstəklənməsi üçün daimi kapital axınına ehtiyac, büdcə defisitinə nəzarət", - deyə o bildirib.

Harbonun məlumatına görə, Pakistan həmişə qiymət nəzarətinin geniş sistemini və elektrik enerjisi, qaz, yanacaq və taxıl kimi əsas mal bazarlarını nizamlamağa çalışıb. 2008-ci ilin ortalarında Pakistanda inflyasiyanın səviyyəsi 25 faizə çatıb, xarici ehtiyat fondu azalıb və idxalı yalnız üç-dörd ay ərzində ödəyə bilər.

"Ölkə iqtisadiyyatı stabilləşdirmək və əsas malların maliyyələşdirilməsinin aradan qaldırılması hesabına büdcə defisitinin azaldılması üçün təcili tədbirlər görülməlidir ki, bu da qiymət və vergilərin artmasına səbəb olacaq", - deyə o hesab edir.

Harbonun fikrincə, xarici valyuta ehtiyatlarını möhkəmləndirmək üçün Pakistan ABŞ, ərəb ölkələri və Dünya Bankından yardım istəməli olacaq.

"Onlardan bəziləri, şübhəsiz ki, ölkədə yaranan siyasi vəziyyət səbəbindən hələ də həyata keçirilməyən bir sıra islahatların keçirilməsinə təkid edəcək", - deyə ekspert hesab edir.

Harbonun fikrincə, prezident Zərdarinin iki alternativi var. Birincisi - iqtisadi islahatlar həyata keçirmək və bütün mümkün usullar vasitəsilə qiymət və vergiləri qaydaya salmaq. "Lakin bu cür siyasət qeyri-populyar olacaq, çünki bu əhalinin böyük qrupu üçün çətinlik yaradacq", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, digər variant bu məsələnin mərhələli şəkildə həllindən ibarətdir ki, belə olan təqdirdə ola bilsin ki, vəziyyət stabilləşsin.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti