...

Azərbaycan xarici siyasi arenada daha əminliklə hərəkət etməyə başlayıb - Trend News-un icmalçısı

Siyasət Materials 22 Oktyabr 2008 11:36 (UTC +04:00)
Azərbaycan xarici siyasi arenada daha əminliklə hərəkət etməyə başlayıb - Trend News-un icmalçısı

Səba Ağayeva, Trend Agentliyinin direktor müavini

Ötən 5 il ərzində Azərbaycanın xarici siyasəti ciddi dəyişikliklərə uğramayıb. Bu  vaxt ərzində rəsmi Bakı dünyanın güc mərkəzlərindən - Moskva, Vaşinqton və Brüsseldən bərabər məsafə prinsipinə əsaslanan balanslaşdırılmış siyasət aparıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs,  hətta ən böhranlı günlərdə də - Gürcüstan - Rusiya münaqişəsi dövründə də dəyişikliklərə uğramayıb.

Xarici siyasətin xarakterinin özü dəyişib. 2003 - 2008 -ci illərdə Azərbaycan xarici siyasi arenada getdikcə daha əminliklə hərəkət edib və bu, ölkə iqtisadiyyatının möhkəmlənməsi ilə bağlı olub. Qısa dövr ərzində Azərbaycan nəhəng iqtisadi sıçrayış edib. 2003 - 2008 - ci illərdə ÜDM 2,7 dəfə artıb. Hər vətəndaşa düşən ÜDM-in payı 5800 dollar təşkil edib. Sənaye 2,7 dəfə artıb. 2003 - cü ildə büdcənin məxaric hissəsi 1,2 mlrd. dollar təşkil edirdisə, 2008 - ci ildə təxminən 15 mlrd. dollar olub. 2003 - 2008 - ci illərdə ölkə iqtisadiyyatına 44 mlrd. dollar məbləğdə sərmayə yatırılıb.

Bu, inkişafa yönəlmiş və müstəqil beynəlxalq siyasətin aparılması üçün iqtisadi bazisi təmin edən böyük vəsaitlərdir. Məhz belə iqtisadi artım və bacarıqlı xarici siyasət hesabına, Azərbaycan regional liderə çevrilib. Maliyyə imkanları Azərbaycana Bakı - Qars - Axalkalaki dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsinin başlamasına nail olmağa imkan verib. ABŞ tərəfdən müqavimət göstərildiyi şəraitdə bu layihənin başlaması sübut edib ki, rəsmi Bakı o qədər möhkəmlənib ki, özünə iri regional layihələri həyata keçirməyə icazə verə bilər.

Azərbaycan 2003 - 2008 - ci illərdə Ümummilli lider Heydər Əliyevin 1994 - cü ildə əsasını qoyduğu "neft siyasətini" davam etdirib. Lakin bu siyasətdə inkişaf edən Azərbaycanın tələblərinə cavab verən müəyyən yeniləşmə baş verdi. Belə ki, 2008-ci ildə neftin hasilatının 2003-cü ildəki 15,4 mln. tondan 52 mln. tonadək artması Dövlət Neft Şirkətinə daha fəal xarici iqtisadi fəaliyyət göstərməyə - Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağa, Kulevidə neft terminalını əldə etməyə, Türkiyənin "Petkim" neft - kimya kompleksini almağa, Gürcüstana qaz ixrac etməyə imkan verdi. Təbii ki, belə fəaliyyət siyasi dividendlər də gətirir.

Məsələn, indi Azərbaycan qazı uğrunda əsl mübarizə başlayıb. Qərb Azərbaycanın NABUKKO layihəsində iştirakını istəyir, Rusiyanın "Qazprom" şirkəti isə, Azərbaycanın "mavi yanacağını" almağı təklif edir.

Rəsmi Bakı isə, Qarabağ münaqişəsinin nizamlanmasına maksimal dərəcədə yardım edəcək tərəfə üstünlük verəcəyinə işarə edir. Eyni zamanda, 2003 -2008 - ci illərdə Azərbaycanın karbohidrogenlərinin Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum marşrutları ilə nəqli başlayıb. Gürcüstan - Rusiya böhranı bu marşrutların fəaliyyətinə təsir göstərsə də, prinsip etibarilə, Azərbaycanın enerji diversifikasiyası təzyiqə davam gətirdi. Böhranın ən qızğın vaxtında, kiçik həcmlə olsa da, Bakı - Novorossiysk kəməri ilə neftin nəqli davam etdi. Lakin ümumilikdə vəziyyət göstərib ki, ölkənin enerji diversifikasiyasının müəyyən problemləri var və onları "şimal" istiqamətinin ixrac imkanlarının genişləndirilməsi hesabına həll etmək mümkündür.

İqtisadi inkişaf Azərbaycan üçün çox mühüm olan məsələdə də - Qarabağ probleminin nizamlanması prosesində də iz qoyub. 2003 - 2008 - ci illərdə milli ordu möhkəmlənib. 2003 - cü ildə büdcədən hərbi ehtiyaclara 163 mln. dollar ayrıldığı vaxtda, 2008 - ci ildə bu göstərici 1,850 mlrd. dollar təşkil edib. Başqa sözlə, 2008 - ci ildə Azərbaycanın büdcəsinin hərbi xərcləri faktiki olaraq Ermənistanın bütün dövlət büdcəsinə bərapbər olub. Azərbaycan bu amildən fəal istifadə edərək bəyan edir ki, ölkə ərazi bütövlüyü prinsipinin gələcək pozulmasına dözməyəcək və istənilən üsullarla işğal edilmiş ərazilərin azad edilməsinə hazırdır.

Buna baxmayaraq, etiraf etmək lazım gəlir ki, ölkənin xarici siyasətinin əsas  məqsədi - Qarabağ münaqişəsinin danışıqlar yolu illə həlli yerinə yetirilməyib. Bəli, bu istiqamətdə müəyyən irəliləyişlər olub - BMT-də Azərbaycanın ərazi bütövlüyü haqqında Bəyanatın qəbulu, dünyanın bütün güc mərkəzlərinin ölkənin ərazi bütövlüyünü dəstəkləməsi, Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyinin dəstəkləndiyinin qeyd olunduğu Rusiya - Azərbaycan siyasi Bəyannaməsi və s. Gürcüstan - Rusiya münaqişəsi dövründə rəsmi Moskva, Vaşinqton  və Aİ ölkələri növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Bununla yanaşı, prezident İlham Əliyevin bəyanatları ilə bağlı yeni vəziyyət yaranıb və bu vəziyyətdə Qarabağ problemini həll etmək mümkündür. Başlıcası, bütün dünya anladı ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

İlham Əliyevin oktyabrın 13 - də Nazirlər Kabinetinin geniş tərkibli iclasında bəyan etdiyinə görə, münaqişə tərəfləri arasında Azərbaycanın işğal olunmuş yeddi rayonunun azad edilməsi,qaçqın və məcburi köçkünlərin bu torpaqlara qayatırılması mexanizmi razılaşdırılıb. Azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qaytarılması məsələsi müzakirə edilir və prezidentin bəyanatına görə, gec- tez bu məsələ də öz həllini tapacaq. Rəsmi Bakı bəyan edir ki, Qarabağ problemi həll edilənədək Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq qeyri - mümkündür, İrəvan heç bir regional iqtisadi layihədə iştirak edə bilməyəcək.

Münaqişənin həllinədək Azərbaycan Ermənistana diplomatik, siyasi, iqtisadi, nəqliyyat, hərbi, təbliğat sahələrində total təzyiqi davam etdirəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti