Azərbaycan, Bakı, 27 noyabr / Trend , N.Abdullayeva/ Azərbaycan səfirliyi Hindistanın Mumbayi şəhərində (Bombey) törədilən silsilə terror aktları zamanı zərərçəkənlər arasında azərbaycanlıların olub-olmadığını araşdırır.
"Bu şəhərdə cəmi bir nəfər azərbaycanlı yaşayır və səfirliyin məlumatına görə, o sağ-salamatdır", - cümə axşamı Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev Dehlidən Trend -a telefonla xəbər verib.
"Hazırda səfirliyin əməkdaşları yerli hüquq-mühafizə orqanları ilə işləyərək rayonlarda azərbaycanlı turistlərin olub-olmadığını müəyyənləşdirirlər", - Qarayev deyib.
Televiziya xəbərlərinin təcili buraxılışlarında verilən məlumatlara əsasən, partlayışlar və atışma nəticəsində cümə axşamı şəhərin 10 müxtəlif yerində 100 nəfərdən çox insan həlak olub. Yaralıların sayı 300 nəfərə çatıb, - İTAR-TASS xəbər verir. Yaralananlar arasında Britaniyanın yeddi vətəndaşı da var. Həkimlər zərərçəkənlərin bəzilərinin vəziyyətinin ağır olduğunu etiraf edirlər. Eyni zamanda, terrorçularla atışma zamanı 16 polis həlak olub, 18 asayiş keşikçisi yaralanıb. Hücum edənlərdən 5 nəfəri zərərəsizləşdirmək mümkün olub.
Kütləvi İnformasiya Vasitələrinə elektron müraciət göndərən az tanınmış "Dekkan Mudahidin" təşkilatı məsuliyyəti üzərinə götürüb.
"Röyter" Agentliyinin məlumatına əsasən, terrorçular "Tac-Mahal" mehmanxanasında 15 əcnəbi turisti girov götürüblər. Araşdırılmamış məlumatlara görə, digər oteldə - "Traydent"də də bir neçə nəfər girov götürülüb.
Müəlliflə əlaqə ünvanı: [email protected]