...

AŞ PA həmməruzəçiləri Cənubi Osetiyada müharibənin yenidən başlanması riskinin olduğunu bildiriblər

Siyasət Materials 28 Yanvar 2009 14:49 (UTC +04:00)

Fransa, Strasburq, 28 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Gürcüstanda müharibənin nəticələrinə dair Monitorinq Komitəsinin həmməruzəçisi hesab edir ki, Cənubi Osetiyada müharibənin yenidən başlanması riski var.

"Rusiya hələ bir çox öhdəlikləri yerinə yetirməyib. Hər an münaqişə zonalarında müharibənin yenidən başlanması riski var . Müşahidəçilər sərbəst şəkildə bu ərazilərə getməkdə çətinlik çəkirlər. Bundan əlavə, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi zəruridir. Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz hər iki tərəfi münaqişə zonasında insan haqlarının kobud şəkildə pozulmasının qarşısını almağa dəvət edirik", - çərşənbə günü AŞ PA-nın sessiyasında çıxışı zamanı həmməruzəçi  Van den Brande bildirib.

Trend -un arayışı: Ötən ilin oktyabrında"Gürcüstanda müharibənin nəticələrinə dair" 1633 saylı Qətnamə qəbul edib.

"Gürcüstan və Rusiya arasında münaqişənin nəticələri" mövzusunda 1633 saylı Qətnamə AŞ PA-nın oktyabrın 2-də keçirilmiş plenar iclasında qəbul edilib. Qətnamədə deyilir ki, "Cənubi Osetiyada müharibənin başlaması gözlənilməz xarakter daşıya bilərdi. Lakin müharibə təxribatlar və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə müşayiət olunan gərginliyin ciddi şəkildə yüksəlməsinin nəticəsi oldu". AŞ PA hesab edib ki, Rusiyanın faktiki nəzarəti altında olan rayonlarda insan hüquqlarının, humanitar hüququn pozulmasına görə tam məsuliyyət RF-nin üzərinə düşür.

Tanınmamış Cənubi Osetiya respublikasında hərbi əməliyyatlar avqustun 8-nə keçən gecə başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olublar. Sonradan Rusiya qoşunları şəhəri tutaraq, gürcü hərbçilərini Gürcüstan ərazisində sıxışdırıblar. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdıqdan sonra sentyabrın 9-da onlarla diplomatik münasibətlər qurub.

Van den Brande deyib ki, tərəflər arasında dialoq bərpa edilməlidir. Dialoq vəziyyətdən çıxmaq üçün yeganə yoldur.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Gürcüstanda müharibənin nəticələrinə dair Monitorinq Komitəsinin digər həmməruzəçisi Matyas Örşi isə çıxışında deyib ki, praktik cəhətdən Gürcüstan Qətnamədən irəli gələn bütün öhdəlikləri yerinə yetirib və parlamentdə araşdırma komissiyasının yaradılmasına dair qərar qəbul edib.

Hər iki tərəfdən insan haqları pozulub.

"Bu gün əsas problem Abxaziya və Cənubi Osetiya və onların müstəqilliyinin tanınması ilə bağlıdır. Müstəqilliyin ləğvi bizim səlahiyyətimiz deyil. Rusiya Aİ səviyyəsində qəbul edilmiş qərarlarına hörmət etməlidir. Biz müstəqilliyin ləğvinə inanırıq və vəziyyətdən çıxış yolu tapmaq üçün hər iki ölkəyə hansı formada kömək etməyi düşünməliyik", - həmməruzəçi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti