...

Azərbaycanın xarici işlər naziri Polşanın xarici  işlər nazirinin müavini ilə görüşüb

Siyasət Materials 4 Fevral 2009 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini Andjey Krameri qəbul edib. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, görüşdə ölkələrimiz arasında uğurla inkişaf edən münasibətlərin daha da intensivləşdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanıb. Məmmədyarov və Kramer ikitərəfli əlaqələrin inkişaf etdirilməsini, xüsusən qeyri-neft sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçirib, hökumətlərarası iqtisadi komissiyanın işinin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanla Polşa arasında mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün gənc mədəniyyət xadimləri, diplomatlar arasında təcrübə mübadiləsinin davam etdirilməsi, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

"Şərq Tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsində Polşanın xüsusi rolu olduğunu qeyd edən nazir Məmmədyarov, bu proqram çərçivəsində əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağına inandığını bildirmişdir. O, həmçinin qarşılıqlı investisiyaların artırılmasında, iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasında ölkəmizin  maraqlı olduğunu diqqətə çatdırıb.

Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi və bu səbəbdən də bir sıra irimiqyaslı regional layihələrdən kənarda qaldığını qeyd edən nazir Məmmədyarov, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Məlumatda qeyd edilir ki, görüş zamanı beynəlxalq əhəmiyyətli, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti