Avstriya, Vyana, 11 mart / Trend müxbir A.Ələsgərov/ Vyanada BMT-nin narkotik vasitələri üzrə Komissiyasının 52-ci sessiyası keçirilib. Sessiyanın işində 53 ölkədən nazirlər, habelə İsveç Kraliçası Silviya və Boliviya prezidenti Evo Morales iştirak ediblər. Toplantında narkomaniyanın və ondan asılılığın profilaktikası, narkotiklərin ticarətinin azaldılması, prekusorlara nəzarətin və narkobiznesdən əldə edilən pullara qarşı mübarizənin effektivliyinin artırılması kimi məsələlər müzakirə olunub.
Azərbaycan daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti, habelə ölkəmizin Vyanadakı səfiri Fuad İsmayılov və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi yüksək səviyyəli seqmentin plenar iclasında iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə DİN, MTN, narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin nümayəndələri daxil olub.
Sessiyanın açılışında BMT-nin narkotik vasitələri üzrə Komissiyasının direktoru Antonio Mario Kosto bəyan edib ki, bugünkü toplantı həmçinin tiryak üzrə Şanxay Beynəlxalq Komissiyasının (1909) yüzilliyinə təsadüf edir. O bildirib ki, ötən əsrlə müqayisədə tiryakin istehsalı 40 min tondan 10 min tona düşüb, And dağlarında kəkilin yetişdirilməsi 1999-cu ildən bəri beş dəfə azalıb.
Kosto həmçinin qeyd edib ki, son beş ildə qeyri-qanuni narkotiklərdən qlobal asılılıq sabitləşib, narkotik asılılığın xəstəlik əlaməti olması ilə bağlı düşüncə güclənib. Çıxışının yekununda o narkotiklərin qeyri-qanuni dövriyyəsi və ticarətinə qarşı mübarizə mexanizmlərinin dövlətlər tərəfindən gücləndirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində Azərbaycan nümayəndə heyətinin nümayəndələri qeyd ediblər ki, nakrotik vasitələrinə qarşı mübarizə məsələsi ölkədə ən yüksək səviyyədə nəzərdən keçirilir. Hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin artırılması və digər məsələlər daim diqqət mərkəzindədir. Habelə vurğulanıb ki, Azərbaycanda narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinin və transmilli cinayət qruplarının ölkə ərazisindən narkotiklərin tranziti üçün istifadə etmək cəhdlərinin qarşısının alınması məqsədi ilə effektiv mexanizmlər yaradılır. Lakin Ermənistanın Azərbaycan ərazisinin bir hissəsinə qarşı davam edən təcavüzü narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni çətinləşdirir və tam miqyaslı regional əməkdaşlıq üçün ciddi əngəllər törədir.
Azərbaycan nümayəndələri həmçinin qeyd ediblər ki, 2001-ci ildən etibarən Cənubi Qafqazda narkotiklərə qarşı mübarizə üzrə layihə - SKAD uğurla həyata keçirilir. Azərbaycan müxtəlif ölkələrlə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlər imzalayıb. Bu ölkələr arasında Avstriya, Polşa, Rumıniya və Latviya var. Həmçinin Avropa Şurası, ATƏT, MDB və digər təşkilatların müvafiq strukturları ilə qarşılıqlı əməkdaşlıq yaradılıb.
BMT-nin narkotik vasitələri üzrə Komissiyaya 53 dövlət daxildir. Onların arasında 11 Afrika ölkəsi, 11 Asiya, 10 Latın Amerikası və Karib hövzəsi, 14 Qərbi Avropa və altı Şərqi Avropa ölkəsi var.