...

Azərbaycanın müxalifət partiyalarının birgə əməkdaşlığa dair məsləhətləşmələri uğurla nəticələnməyib

Siyasət Materials 13 Aprel 2009 15:15 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyalarının birgə əməkdaşlığa dair məsləhətləşmələri uğurla nəticələnməyib

Azərbaycan, Bакı, 13 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyalarının təmsil olunduğu qurumların bələdiyyə və parlament seçkilərində birgə əməkdaşlığa dair məsləhətləşmələri uğurla nəticələnməyib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan bəzi partiya sədrləri tərəfindən müxalifətin ümumi vəziyyəti ilə uyğun gəlməyən, ümumiyyətlə müxalifətin ümumi siyasi böhrandan çıxmasına kömək etməyən bəyanatlar eşidirik. Hadisələrə bu cür yanaşma daha ciddi problemlər yarada bilər", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.  

Trend -un arayışı: Demokratiya Uğrunda İttifaq (DUİ) ötən ay yeni Konstitusiya layihəsinin hazırlanması, sosial-iqtisadi böhranla bağlı komissiyaların yaradılması, bələdiyyə və parlament seçkilərində iştirakla bağlı müzakirələr aparılıb ümumi siyasi qərarın qəbul edilməsi məqsədilə ümummüxalifət konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Hüseynin sözlərinə görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan altı partiyaya konfransın təşkilatçılığını öhdəsinə götürmək təklif olunurdu. "Əgər razılıq verilsəydi, 11 partiya bir araya gələcəkdi. Təəssüflə qeyd edirəm ki, bu məsələ ilə hərəkatda təmsil olunan partiyalardan bağlı ciddi rəy ala bilməmişik", - millət vəkili əlavə edib.

Onun fikrincə, bələdiyyə və parlament seçkilərində əməkdaşlıqla bağlı ümumi qərar qəbul olunması da nəzərdə tutulurdu. "DUİ-yə daxil olan partıyalar artıq namizədlərini müəyyənləşdirməyə başlayıb. Təbii ki, ümumi bir siyasi razılıq olmasa, onda biz bu seçkilərdə eyni dairələrdə müxtəlif müxalifət partiyalarının namizədlərini görəcəyik. Bu isə müəyyən problemlər yarada bilər və biz bunu istəmirik", - Hüseyn vurğulayıb.  

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti