...

Azərbaycanda yaşayan İran vətəndaşlarının seçici fəallığı yüksəkdir - səfir

Siyasət Materials 12 İyun 2009 11:21 (UTC +04:00)
Azərbaycanda yaşayan İran vətəndaşlarının seçici fəallığı yüksəkdir - səfir

Azərbaycan, Bakı, 12 iyun  / Trend , müxbir T.Cəfərov /  

Azərbaycanda yaşayan İran vətəndaşlarının seçici fəallığı yüksəkdir.

"Azərbaycanda yaşayan İran vətəndaşları da ölkəmizdə yaşayan əhali kimi öz taleylərinin həllində çox maraqlıdırlar. Bu baxımdan onlar prezident seçkilərində çox aktiv iştirak edirlər. Azərbaycanda yaşayan İran vətəndaşlarının konsulluqda uzun növbə gözləməsi mənim dediklərimə əyani sübutdur", - cümə günü Trend -a İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhrami bildirib.

Trend -un arayışı: İranda keçirilən prezident seçkiləri ilə bağı Azərbaycanda olan İran vətəndaşları bu ölkənin Bakıda və Naxçıvandakı konsulluqlarında yaradılmış seçki məntəqələrində səsvermədə iştirak edirlər.

Bu gün İranda prezident seçkiləri keçirilir. Prezidentliyə namizədlər İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvidir (Mir Hossein Mousavi). Seçkilərdə dünyanın 130 ölkəsində yaşayan İran vətəndaşları iştirak edir. Bu məqsədlə Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq, xarici ölkələrdə 304 seçki məntəqəsi yaradılıb, həmin ölkələrdə yerləşən səfirlik və nümayəndəliklərə 450 min səsvermə bülleteni göndərilib.

İranda prezident seçkisi dörd ildən bir keçirilir. Səfirliyin məlumatına əsasən, Azərbaycanda ümumilikdə 1350 İran vətəndaşı səsvermə hüququna malikdir. 

Bəhrami deyib ki, ötən prezident seçkilərində 700 nəfərə yaxın Azərbaycanda yaşayan İran vətəndaşı iştirak etmişdi. "Lakin bu dəfəki prezident seçkilərində Azərbaycan və İran KİV-ləri vasitəsi ilə tərəfimizdən aparılmış təbliğat nəticəsində, ümid edirəm ki, ötən seçkilərə nisbətən daha çox vətəndaş iştirak edəcək", o deyib.

Səfirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasındakı İran vətəndaşları arasında da seçkilərdə aktivlik müşahidə olunur. Bu gün saat 18:00-da seçkinin vaxtı sona çatdıqdan sonra ilkin nəticə açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti