...

Azərbaycanın müxalifət partiyaları və qeyri-hökumət təşkilatları Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasını təəssüflə qarşılayıblar

Siyasət Materials 12 Oktyabr 2009 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir A..Hüseynbala/

"Türkiyənin Azərbaycan torpaqları işğaldan azad edilməyənədək Türkiyə-Ermənistan arasında heç bir əlaqənin qurulmayacağı vədinə xilaf çıxması cəmiyyətdə inamsızlıq yaratmaqla yanaşı, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinə kölgə salacaq", - deyə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bəyanatinda deyilir.

Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək.

Partiyanın bəyanatında qeyd edilir ki, bu protokolların imzalanması təcavüzkar Ermənistan qarşısında Azərbaycanın təklənməsinə şərait yaradacaq, həmçinin, işğal olunmuş ərazilərin qaytarılmasına və bir milyondan çox qaçqının pozulmuş hüquqlarının bərpasına ciddi əngəl törədəcək. "Biz hər bir dövlətin, o cümlədən, Türkiyənin suveren hüquqlarına və yürütdüyü siyasətinə hörmətlə yanaşaraq, mehriban qonşuluq əlaqələrinin qurulmasını təqdir edirik. Amma hesab edirik ki, bu əlaqələr qarşılıqlı hörmətə və beynəlxalq prinsiplərə əsaslanmalıdır. Türkiyənin terroru və işğalçılığı rəsmi dövlət siyasətinə çevirən Ermənistanla əlaqələr qurması regionda sülhə və sabitliyə yeni təhlükə yaradacaq", - məlumatda vurğulanır.

AMİP Türkiyə iqtidarının Azərbaycan ictimayyətinin haqlı narahatlıq və narazılıqlarını nəzərə alacağına, bu məsələyə həssas və diqqətlə yanaşacağına ümid edir.

"Türkiyənin bu məsələyə təkcə Avropa Birliyinə inteqrasiya olunma yolunda əngəllərin aradan qaldırılması məsələsi kimi yanaşması və ilkin vədlərinə zidd olaraq Dağlıq Qarabağ məsələsinin bu razılaşmanın tərkib hissəsindən kənarda saxlaması bizi narahat edir", - bazar ertəsi Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən bildirilib.

Müxalifət partiyası protokolların imzalanması nəticəsində ermənilərin mövqeyinin güclənməsindən və münaqişənin həllində Azərbaycana təzyiq etmək imkanlarının arta bilməsindən də narahatdır. "Biz Türkiyənin atdığı addımların hansı siyasi reallıqdan irəli gəldiyini və bölgənin nüfuzlu dövləti olaraq üzərinə düşən tarixi missiyanı yerinə yetirməli olduğunu həssaslıqla qəbul etməklə yanaşı, bu razılaşmanın şərtlərinin Azərbaycanın siyasi mənafeyinə qarşı yönəlməyəcəyinə bir daha əmin olmaq istərdik", - məlumatda qeyd edilir.

ADP yaranmış yeni situasiyada Azərbaycanın Türkiyə ilə ən yüksək səviyyədə əlaqələrinin yenidən qurulmasının, o cümlədən ikitərəfli hərbi ittifaqın yaradılmasının zəruriliyini vurğulayıb.

"Türkiyə iqtidarının Ermənistanla rüsvayçı "İsveçrə protokollar"nı imzalaması Azərbaycanın maraqlarına xəyanətdir", - Trend -un məlumatına görə, bazar ertəsi Qarabağ Azadlıq Təşkilatının (QAT) qəbul etdiyi bəyanatda bildirilib.

Təşkilat hesab edir ki, Türkiyə iqtidarının bu protokolları imzalaması Qarabağ danışıqlarında Azərbaycanın mövqeyinə ağır zərbə vuracaq. "Türkiyə bu hərəkəti ilə Ermənistanın işğalçılıq aktına və torpaqları hələ də işğal altında saxlamasına bəraət qazandırır və Ermənistanın Qarabağ danışıqlarında daha iddialı və barışmaz tərəfə çevrilməsinə şərait yaradır. Türkiyə iqtidarı Azərbaycanın maraqlarından vaz keçib, Qarabağ təəssübkeşliyindən imtina edib və Dağlıq Qarabağın Ermənistana təhvil verilməsi siyasətində bir alətə çevrilib", - bəyanatda vurğulanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti