...

Azərbaycan bayrağı Türkiyə və bütün türk milləti üçün əzizdir - Əhməd Davudoğlu

Siyasət Materials 22 Oktyabr 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri bəyan edib ki, Azərbaycan və Türkiyə arasında bayraq problemi yoxdur.

"Azərbaycanla Türkiyə arasında bayraq problemi yoxdur. Türkiyə bayrağı türklər üçün necə əzizdirsə, Azərbaycan bayrağı da Türkiyə və bütün türk milləti üçün əzizdir", - Trend -un məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Oktyabrın 14-də Bursada Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları təhqir olunub. Bununla bağlı rəsmi Bakı Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi etirazını bildirib. Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, Türkiyənin Şəhidlər Xiyabanındakı bayrağı götürülüb.

Davudoğlu deyib ki, Azərbaycan bayrağı Türkiyədə bundan öncə necə dalğalanıbsa, bundan sonra da elə dalğalanacaq.

"Türkiyənin bayraq qanunu var, ancaq Türkiyə üçün Azərbaycan bayrağı yabancı bayraq sayılmadığından, bir çox yerlərdə dalğalanır", - xarici işlər naziri əlavə edib.

Bursa da Azərbaycan bayrağının təhqir olunması məsələsinə toxunan Davudoğlu deyib ki, Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirən qüvvələr var.

"Bu, onların təxribatıdır. Bəzi media qurumları bunu bilərəkdən şişirdirlər. Türkiyədə heç bir zibil qutusunun üstünə WC sözü yazılmır. Türkiyə bu məsələni ətraflı və diqqətlə araşdırır. Araşdırma bitən kimi Türkiyə Azərbaycan hökumətini məlumatlandıracaq", - Davudoğlu əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycan bayrağının Türkiyə-Ermənistan oyununda dalğalanmasına dair qadağanı FİFA verib.

"Qadağa ilə bağlı Türkiyə rəsmilərindən heç biri FİFA-ya göstəriş verməyib", - Davudoğlu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti