Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirakının mümkünlüyünü nəzərdən keçirir - genişlənmə üzrə Avropa komissarı Ştefan Füle (MÜSAHİBƏ)

Siyasət Materials 8 Aprel 2010 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Y.Ostapenko/

Genişlənmə və Avropa mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fülenin hazırkı mandatı çərçivəsində aprelin 9-da Azərbaycana ilk səfəri ərəfəsində Trend-in Avropa redaksiyasına eksklüziv müsahibəsi

- Avropa mehriban qonşuluq siyasətinin 2011-2013-cü illər üçün yeni "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığının əsas prioritetləri və məqsədləri hansılardır? "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycana maliyyə yardımının artırılmasına nə dərəcədə ehtimal var?

- "Şərq tərəfdaşlığı" Avropa mehriban qonşuluq siyasətinin təcrübəsinə əsaslanır və Avropa İttifaqının Azərbaycan da daxil olmaqla, şərq tərəfdaşları ilə daha sıx əlaqələri üçün əlavə imkanlar təklif edir.

Biz ticarət və energetika, siyasi münasibətlər, həmçinin təhsil və tələbə mübadiləsi də daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın gələcək genişləndirilməsinə can atmalıyıq. Bizim ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə tərəfdar olmağımız yeni müqavilə münasibətlərində - Aİ və Azərbaycan arasında assosiasiya haqqında sazişdə əksini tapacaq. Ticarətə gəlincə, biz istərdik ki, bu saziş Aİ və Azərbaycan arasında geniş və hərtərəfli azad ticarət zonasının yaradılması üçün zəmin olsun. Azad ticarət zonasının yaradılması bizim ticari münasibətlərimizə yeni təkan verəcək, Azərbaycanda iqtisadi artımın və iş yerlərinin təminatına yardım göstərəcək, həmçinin 500 milyon istehlakçısı olan geniş Avropa bazarına çıxışı təmin edəcək. Bu, həmçinin Azərbaycana neft-qaz sahəsi ilə yanaşı, digər sahələrdə də öz iqtisadiyyatını rəngarəng etməkdə yardım göstərməlidir.

Azərbaycan ilə Aİ arasında assosiasiya haqqında sazişlə bağlı danışıqlara başlanmasına gəlincə, biz istərdik ki, bütün müvafiq şərtlər dəqiqləşdirilsin. Azad ticarət zonasının yaradılmasının əsas şərtlərindən biri ÜTT-yə üzvlükdür. Ona görə də mən Azərbaycanı bu təşkilata daxil olmaq barədə danışıqları sürətləndirməyə çağırmaq istərdim ki, ölkə bu meyara cavab versin.

Maliyyələşdirməyə gəldikdə isə demək istəyirəm ki, Avropa komissiyası Azərbaycana texniki və maddi dəstək göstərməyə davam edəcək. "Şərq tərəfdaşlığı" çərçivəsində bütün iştirakçı ölkələr üçün maliyyə yardımı artırılıb və 350 milyon avro təşkil edib. Bu miqdar bir sıra prioritet tapşırıqlara, xüsusilə də ikitərəfli və çoxtərəfli tərəfdaşlığa yönələcək. 2011-2013-cü illərdə Azərbaycana maliyyə yardımı 122,5 milyon avroya kimi təşkil edəcək.

- "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsində irəliləyiş görürsünüzmü? Bu istiqamətdə nə qədər müddətə hansı nəticələrə nail olmağa çalışırsınız?

-Biz hələ Azərbaycan ilə viza rejimini və readimissiyanı sadələşdirmək haqqında danışıqlara başlamamışıq, lakin mühüm hazırlıq işləri davam edir. Şərq tərəfdaşlığının uzunmüddətli məqsədi Azərbaycan və Aİ arasında vizasız rejimin qurulmasıdır. Həm Aİ vətəndaşları, həm də Azərbaycan vətəndaşları bu perspektivə böyük əhəmiyyət verir. Biz sizinlə işləyəcəyik və Azərbaycan vətəndaşlarının Avropaya getməsi üçün lazımı addımların atılmasına nəzarəti həyata keçirəcəyik.

- Azərbaycandakı iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycan qlobal maliyyə böhranı şəraitində nə dərəcədə dayanıqlıdır?

- Azərbaycan enerji resursları sayəsində digər ölkələr kimi böhrandan əziyyət çəkməyib. Belə ki, böhran başlıca olaraq ixraca toxunub və böhran nəticəsində enerjidaşıyıcılarına tələbat azalıb. Energetika sahəsində uzunmüddətli müqavilələrin mənfi nəticələri azaltmasına baxmayaraq, hesab edirəm ki, Azərbaycan enerji sektorundan kənar iqtisadi fəaliyyətinin genişlənməsindən xeyir əldə edəcək.

- Siz elə hesab edirsinizmi ki, Aİ xarici işlər naziri vəzifəsinin yaradılması Aİ-nin münaqişələrin, o cümlədən Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ ərazi münəqişəsinin nizamlanmasında rolunu artıra bilər? Danışıqlar prosesindəki son hadisələri necə qəbul edirsiniz?

- Mən bütün cəhdləri, xüsisilə də Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarılması cəhdlərində şəxsi öhdəliklərini alqışlayıram. ATƏT-in Minsk qrupu çərçivəsində işlərin fəallaşması tərəflərin münaqişənin həllini tapmaq üçün mümkün olan hər şeyi etmələrinə açıq-aydın işarədir. Aİ bu cəhdləri tamamilə dəstəkləyir.

Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra Aİ xarici siyasət arenasında daha dəqiq və vahid səs əldə edib. Avropanın qonşu ölkələrinin həll olunmamış münaqişələri bizim üçün ciddi problem olaraq qalır. Buna görə də mən bu münaqişələrin nizamlanması məsələsində bilavasitə iştirakın imkanlarını nəzərdən keçirəcəyimizi istisna etmirəm. Bununla əlaqədar olaraq maraqlı tərəflərin mövqelərinə böyük əhəmiyyət veriləcək. Hazırkı mərhələdə biz insanlar arasında əlaqələr və ictimaiyyət arasında anlaşmanın genişləndirilməsinə dair vətəndaş cəmiyyətinin səylərinə dəstək proqramını həyata keçirməyə başlayırıq. Bu proqram əsasən münaqişəyə toxunan gənclərə, kütləvi informasiya vasitələri və qruplara həsr olunub.

Xəbər lenti

Xəbər lenti