Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd edilir ki, Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilsin.
Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,0 (səkkiz) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək, Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.