...

Türk - ərəb dialoqundan hər iki tərəf faydalana bilər - SORĞU

Siyasət Materials 23 Aprel 2010 09:00 (UTC +04:00)
Türk - ərəb dialoqundan hər iki tərəf faydalana bilər - SORĞU
Türk - ərəb dialoqundan hər iki  tərəf faydalana bilər -  SORĞU

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir R.Hafizoğlu /

Türkiyədəki hakim Ədalət Və İnkişaf Partiyasının (AKP) 2002-ci ildə hakimiyyətə gəlməsi ilə, əvvəlki hökumətlərdən fərqli olaraq, hakim partiya ərəb və İslam Dünyası ilə yaxınlaşmağa başladı. Ərəb Dövlətləri Liqasının baş katibi Amru Musa ərəb mediasına verdiyi açıqlamasında Türkiyənin ərəb dünyası ilə yaxınlaşmasını yaxşı qarşıladığını bildirmişdi.

Bir çox siyasi ekspertlər bunu ərəb - türk dialoqunun başlanması kimi qiymətləndirsələr də, bəziləri ərəb - türk dialoquna ehtiyac olmadığını bildirməkdədirlər.

Beynəlxalq və yerli ekspertlər Trend-in sulaını cavablandırırlar.

- Türkiyə ilə ərəb ölkələri arasında dialoqa ehtiyac varmı; ehtimal edilən dialoq tərəflərə nə verə bilər?

Abdurrahman Kurt (türkiyəli millət vəkili, Türkiyə - Livan parlamentlərarası dostluq qrupunun sədri):

- Hal-hazırda Türkiyə il ərəb dünyası arasında bir çox sahələrdə pozitiv dəyişikliyin şahidi oluruq. Bu da Türkiyənin qonşularla yeritdiyi  sıfır problemi siyasəti sayəsindədir. Bundan əlavə, ortaq mədəniyyət və adətlərə sahib olan Türkiyə və ərəb dünyasının bu yaxınlaşma prosesinə ehtiyacı var.

Bu yaxınlaşmadan, sadəcə, ərəb dünyası deyil, eyni zamanda, Türkiyənin də faydalanacağı bir çox məqamlar var. Hesab edirəm, bu dialoq təktərəfli deyil, qarşılıqlı olacaq. Lakin Türkiyədəki hər hansı bir siyasi düşüncəsinin ərəb dünyasına inteqrasiya ediləcəyini söyləmək bir az fərqli mənaya gələ bilər.

Dialoqa ərəb - türk çərçivəsindən deyil, eyni zamanda, İslam Dünyası prizmasından baxmaq lazımdır. Hal-hazırda Türkiyə dünyadakı mədəniyyətlər ittifaqı layihəsinə başçılıq edən ölkələrdən biridir.

Dünyada hazırda mədəniyyətlər ittifaqının olmasını istəyən qüvvələr və tam əksinə, mədəniyyətlərarası qarşıdurmanın olmasını istəyən qüvvələr var. Türkiyə olaraq biz, təbii ki, mədəniyyətlər ittifaqının olmasının tərəfindəyik.

Qərbə yönəlmiş, eyni zamanda, öz dəyərlərinə sahib olan bir ölkə kimi, Türkiyənin regionda rolu bəllidir. Bütün bunları nəzərə alaraq söyləyə bilərəm ki, Türkiyənin Şərqdən alacağı güc, milli-mənəvi dəyərlərə sahib olması onu Qərbdə daha güclü edə bilər. Dolayısı, bu dialoqun olmasına ehtiyac var və hər iki tərəf də bu dialoqdan çox yaxşı faydalana bilər.

Kamal Həlbəvi (Terrorizm Araşdırmaları Mərkəzinin direktoru, politoloq, İngiltərə):

- Əslində, ərəb - türk dialoqu AKP hökumətinin dövründə deyil, eks-baş nazir Nəcməddin Ərbakanın dövründə başlayıb. Lakin daha sonra, Türkiyə daxilində baş verən bir sıra siyasi dəyişikliklər bu dialoqun yarımçıq qalmasına səbəb oldu. Daha sonra AKP-nin hakimiyyətə gəlməsi ilə türk - ərəb dialoqu gündəmə gəldi. Hesab edirəm, türk - ərəb dialoqu zəruridir və bu gün dialoqun baş tutması və daha da genişlənməsi üçün bir sıra addımlar da atılmalıdır.

Hesab edirəm, bünövrəsi atılan dialoq, sadəcə, siyasi müstəvidə deyil, eyni zamanda, müxtəlif qeyri-hökumət təşkilatları və xalq səviyyəsində də aparılmalıdır. Dialoqun aparılması eyni İslam mədəniyyətinin bir hissəsi olan türk və ərəb cəmiyyətlərinin bir-birini daha yaxından tanımasına və problemləri bir yerdə həll etməsinə kömək ola bilər. Lakin unutmamaq lazımdır ki, bu gün qloballaşan dünyada, dialoq, sadəcə, ərəb - türk yox, bir-birini tanımayan toplumlar arasında da getməlidir.

Əsma Əbdülhəmid (Avropada müsəlman azlıqların problemləri üzrə ekspert, Danimarka):

- Hesab edirəm, türk - ərəb dialoquna ehtiyac var və bu, hazırda zəruridir. Çünki indi Türkiyə ilə ərəb dünyasının Yaxın Şərq regionunda bir çox siyasi maraqların üst-üstə düşdüyünü görmək olar. Bundan əlavə, onu da qeyd etmək istərdim ki, dialoq, sadəcə, siyasi müstəvidə deyil, eyni zamanda, xalq səviyyəsində də aparılmalıdır. Hazırda Türkiyə hökuməti ərəb dünyası ilə dialoq məsələsində xeyli uğurlu məsafə qət edib. Xüsusən də Türkiyə hökumətinin Fələstin məsələsində İsraili tənbeh etməsi, ərəb dünyasında tarixən Ankaraya qarşı olan mənfi fikrin ortadan qalxmasına yardımçı oldu. Lakin dialoq məsələsində, sadəcə, türk - ərəb dialoqu ilə kifayətlənmək doğru deyil. Dialoq, eyni zamanda, bir çox siyasi səbəblərdən, bir-birindən qoparılmış toplumlar arasında da aparılmalıdır.

Əkrəm Xuzam (ərəb politoloqu, Livan):

- Dialoq tərəflərarası əlaqələrin möhkəmlənməsi üçün zəruridir. Liviyada keçirilən Ərəb Dövlətləri Liqasının sammitindən sonra ərəb dövlətləri ilə Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi haqda çox ciddi qərar qəbul olundu. Çünki Türkiyə, Yaxın Şərqdəki problemlərin həllində vasitəçi ola bilər. Xüsusən də Suriya - İsrail və İran - Birləşmiş Ərəb Əmirlikləri arasında olan problemlərin həllində vasitəçilik missiyası kimi çıxış edə bilər. Məhz buna görə də ərəblər və türklərin bu amillərə xüsusi diqqət yetirmələri gərəkdir.

Liviyadakı sammitdə ərəb dövlətləri arasında fikir ayrılığı olmasına rəğmən, Türkiyə ilə bağlı qərar bütün ərəb dövlətləri tərəfindən yekdilliklə təsdiqlənib.

Bu gün ərəb dünyası üçün ən önəmli amillərdən biri Türkiyə ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsidir. Buna misal, Türkiyə ilə Suriya arasındakı ticarət mübadiləsini, Livanın Ankara ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığa can atmasını və Səudiyyə Ərəbistanının Türkiyə ilə yaxşı iqtisadi əlaqələrinin mövcudluğunu söyləmək olar. Ən önəmli siyasi amillərdən biri isə, Ərdoğanın İsrail yaşayış məskunlarının tikilməsi nəticəsində yaranan problemi həll edə bilməsi ola bilər ki, bu da öz növbəsində, sülh prosesinə təkan verər.

Ərəb dünyası və demokratiya bir-birindən çox uzaqdır. Düşünmürəm ki, Türkiyənin demokratik inkişafı, qonşu ərəb dövlətləri tərəfindən asan bir şəkildə mənimsəniləcək. Problem ərəb dünyasının daxilindədir, məhz bu səbəbdən ərəb dünyasında yaxın zamanlarda demokratik inkişafın olacağını düşünmürəm.

Fikrət Sadıqov (politoloq, Azərbaycan):

- Ərəb dövlətləri anlayışı, əslində, geniş bir anlayışdır və hər bir ərəb dövlətinin siyasətdə öz dəst-xətti,  xarici siyasətdə fərqlənən və heç də hər zaman üst-üstə düşməyən prioritetləri mövcuddur. Ortada bir reallıq var ki, bu da son zamanlar Ankaranın xarici siyasətində ərəb dövlətlərinə qarşı dəyişikliyin olmasıdır. Türkiyənin Livan, Suriya və bir sıra ərəb dövlətləri ilə viza rejiminin ləğv edilməsi buna misal ola bilər.

Müəyyən mənada keçmişin qalmaqallarına baxmayaraq , hazırda Türkiyə hökuməti bir sıra ərəb ölkələri ilə yaxınlaşmaqda fayda görür. Türkiyə hökuməti tərəfindən atılan bu addım boşuna deyil, qonşularla sıfır problem siyasətinin bir hissəsidir və Ankara bu siyasi aspektdən çıxış edərək yaxınlaşmaya gedir.

İndidən Ankaranın bütün ərəb dövlətləri ilə münasibətlərinin yaxşı olacağını söyləmək tezdir.

Lakin hər iki tərəfin bu dialoqa ehtiyacı var və hər iki tərəf bu dialoqdan öz maraqları çərçivəsində faydalanmağa çalışır. Bir şeyi də qeyd etmək lazımdır ki, son zamanlar həm ərəb dövlətlərinin, həm də Türkiyənin bir sıra nəhəng dövlətlərə qarşı siyasəti dəyişib. Əgər "soyuq müharibə" zamanı  Türkiyə, NATO-nun dinməz müttəfiqi idisə, hazırda həm Türkiyə, həm də ərəb dövlətləri supergüclərdən asılı olmamaq üçün siyasət yürütməkdədirlər.

Hesab edirəm, ABŞ-ın Ön Yaxın Şərqdə qeyri-adekvat siyasəti, İsraili birmənalı dəstəkləməsi, fələstinlilərə edilən işgəncələrə göz yumması və ərəb dövlətlərinin maraqlarını nəzərə almaması, bu dialoqun olması səbəblərinə daxildir.

Ramin Vəkilov (ilahiyyatçı-ekspert, Azərbaycan):

- Bu gün dünyada nəinki türk - ərəb dialoquna, eyni zamanda, bir çox sahələrdə dialoqa ehtiyac var. Nəzərə alsaq ki, ərəblər və türklər uzun müddət eyni bir dövlətin (Osmanlı) tərkibində yaşayıblar və fərqliliklərə rəğmən ortaq mədəniyyətə sahibdirlər və məhz bunları götürərək, hər iki toplumun mənafeləri üçün dialoqun olması vacibdir.

Bütün bunlarla yanaşı, bu dialoq dünyanın mənafeyinə də xidmət edə bilər. Hazırda ərəb ictimaiyyəti Fələstin kimi böyük bir problemlə üz-üzədir və Türkiyənin regionda baş verən proseslərdə aparıcı yer tutması da Fələstin probleminin həllinə müsbət təsir edə bilər.

Demokratiya və insan haqları sahəsində ciddi problemləri olan ərəb ölkələrindən və müsəlman Şərqindən fərqli olaraq, Türkiyənin sistemləşmiş demokratiya ənənəsi var.

Hesab edirəm, ərəb - türk dialoqu ilə Türkiyədəki demokratiyanın ərəb dünyasına inteqrasiya edilməsi, bəzi ərəb siyasi dairələrini narahat edəcək, lakin gec-tez ərəblər Türkiyənin demokratiya təcrübəsindən faydalanacaqlar.

Xyu Pop  (beynəlxalq böhran qrupunun Türkiyə və Kipr proqramının rəhbəri, Türkiyə)

- Dialoq müxtəlif səviyyələrdə mövcuddur. Qeyd etmək istərdim ki ərəb dünyasında yayımlanan türk filmləri ərəblər arasında yeni Türkiyə imici yaradıblar. İqtisadi baxımdan isə Türkiyə ərəb dünyasında yüksək nailiyyətlərə sahibdir. Hətta bilindiyi kimi, Türkiyə bir sıra ərəb dövlətləri  ilə viza rejimini ləğv edib.

Siyasi baxımdan isə ərəb dünyası ilə Türkiyə arasında güclü və çoxtərəfli işbirliyi yoxdur, lakin bunun üçün zəmin yaranıb. Belə ki, Türkiyə Ərəb Dövlətləri Liqasının toplantısına və Fars Körfəzi Əməkdaşlıq Şurasına dəvət edilir. Bundan əlavə isə İKT-nin baş katibi də türkdür.

Türkiyə hazırda İkinci Dünya müharibəsindən sonra Avropa dövlətlərinin etdiyi kimi, qonşu dövlətlər və ərəb dövlətləri ilə stabilliyin yaradılmasını istəyir. Bütün atılan addımların müsbət nəticəsi olacaq bu dialoq, ən azından, regionun daha da demokratikləşməsinə səbəb olacaq.

Məqalənin hazırlanmasında Ü. Sadıxova iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti