Gürcüstan, Tbilisi, 23 iyun /Trend, müxbir N.Kirsxaliya/
Birləşmiş Ştatlar Rusiyanı Gürcüstanın işğal olunmuş ərazilərindən öz qoşunlarının çıxarılmasının vacibliyinə inandırmağa çalışır. Gürcüstan TV Vaşinqtondakı müxbirinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiya ilə münasibətlər üzrə Milli Təhlükəsizliyinin direktoru Maykl Makfoll bəyan edib.
Onun sözlərinə görə, Obama administrasiyası Abxaziya və Cənubi Osetiyanın işğaldan azad olunması ilə bağlı Rusiya tərəfi ilə danışıqları davam etdirir.
"ABŞ və Rusiya arasında Gürcüstan məsələsi ilə bağlı əvvəlki kimi fikir ayrılıqları var", - Makfoll deyib. - "Biz Gürcüstana böyük kömək göstəririk və bunu gələcəkdə də edəcəyik. Biz Gürcüstanda hansı məqsədlərimizin olduğunu Rusiyaya izah etməyə hazırıq".
Onun sözlərinə görə, eləcə də ən çətin məsələlər üzrə Rusiya ilə dialoq Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edə bilər.
"Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik və bu məsələdə Rusiya ilə fikir ayrılığının olduğunu gizlətmirik", - Makfoll qeyd edib.
RF Prezidenti Dmitri Medvedev ABŞ-da üçgünlük rəsmi səfərdədir. O, əvvəlcə Kaliforniyaya gələrək, burada rəsmi və işgüzar dairələrin nümayəndələri, eləcə də ştatın qubernatoru Arnold Şvartsneggerlə görüşüb.
Dmitri Medvedev Kaliforniyadan Vaşinqtona yola düşəcək və iyunun 24-də Prezident Barak Obama ilə görüşəcək.