...

ABŞ ilə Türkiyə arasında gizli hərbi razılaşma əldə oluna bilər – türkiyəli ekspert

Siyasət Materials 4 Sentyabr 2010 09:00 (UTC +04:00)
ABŞ ordusunun Baş Qərargah rəisi admiral Maykl Mullenin Ankaraya səfəri zamanı ABŞ ilə Türkiyə arasında İraqdan çıxarılan Amerika hərbi texnikasının yerləşdirilməsi üçün Türkiyə ərazilərində istifadə edilməsi barədə məxfi razılaşma əldə oluna bilər.
ABŞ ilə Türkiyə arasında gizli hərbi razılaşma əldə oluna bilər – türkiyəli ekspert

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

ABŞ ordusunun Baş Qərargah rəisi admiral Maykl Mullenin Ankaraya səfəri zamanı ABŞ ilə Türkiyə arasında İraqdan çıxarılan Amerika hərbi texnikasının yerləşdirilməsi üçün Türkiyə ərazilərində istifadə edilməsi barədə məxfi razılaşma əldə oluna bilər. Türkiyəli analitik Hilmi Özev bu qənaətdədir.

"ABŞ və Türkiyə İraqdan çıxarılan Amerika qoşunlarının yerləşdirilməsi üçün Türkiyə ərazilərindən istifadə olunması barədə razılığa gələ bilərlər, lakin bu, qarşıdakı referendumla bağlı çətin ki açıq şəkildə elan edilsin", - Türkiyə-Asiya Strateji Araşdırmaları Mərkəzinin (TASAM) eksperti Özev İstanbuldan telefonla Trend-ə bildirib.

Mullen cümə günü Ankaraya gələcək və burada özünün türkiyəli həmkarı İşık Koşaner və müdafiə naziri Vecdi Gönüllə görüşəcək. Amerikalı admiral ABŞ qoşunlarının İraqdan çıxarılmasını, Əfqanıstandakı vəziyyəti və Amerikanın Türkiyədəki "İncirlik" hərbi bazası ilə bağlı məsələləri müzakirə edəcək. Bu barədə Doğan agentliyi yazır. Türkiyə KİV-in yazdığına görə, müzakirələrin əsas mövzusu İraqı tərk edən ağır texnikanın Amerikanın Türkiyədəki hərbi bazasına ötürülməsi olacaq.

Çərşənbə axşamı ABŞ İraqdakı hərbi əməliyyatların rəsmən dayandırıldığını elan edib və 90 mindən artıq hərbçisini bu ölkədən çıxarıb. Orada qalan 50 mindən az amerikalı hərbçi isə 2012-ci ilin sonlarınadək ABŞ-ın mülki mütəxəssisləri və diplomatik missiyasının təhlükəsizliyini təmin edəcək, eləcə də İraqın təhlükəsizlik qüvvələrinə təlimlər keçəcəklər.

Birləşmiş Ştatlar 2003-cü ilin martından Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olması bəhanəsi ilə İraqa qoşun yeridib. Lakin bütün müharibə illəri ərzində İraqda kütləvi qırğın silahının olmasına dair heç bir tutarlı dəlil tapılmayıb. O zaman Türkiyə ABŞ qoşunlarının İraqa daxil olması üçün öz ərazisindən istifadəyə icazə verməmişdi.

Bəzi türk KİV-in məlumatına görə, Mullenin Ankaraya səfəri ötən həftə Ağ Evdə türk diplomatları ilə ABŞ qoşunlarının İraqdan çıxarılması və Əfqanıstandakı kontingentin artırılması barədə aparılan danışıqlardan sonraya təsadüf edir.

Türkiyəli analitik Özev hesab edir ki, ABŞ və Türkiyə gələn həftə Türkiyədə keçiriləcək referendum və 2011-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində hərbi əməkdaşlıq sahəsində radikal addımlar atmayacaqlar.

Onun fikrincə, türklər və amerikalılar Türkiyədə tarixi referendumun keçirilməsinə bir həftə qalmış ictimai fikri həyəcanlandırmamaq üçün gizli hərəkət edəcəklər.

ABŞ və NATO-nun üzvü olan Türkiyə arasında hava məkanından istifadə ilə bağlı saziş mövcuddur.

Özev hesab edir ki, hazırkı mərhələdə Mullenin Türkiyəyə səfəri Yaxın Şərqdəki vəziyyətlə bağlıdır.

"Amerikalı admiralın gəlişinə digər regioanal ölkələrə ismarıc kimi baxmaq lazımdır", - türkiyəli ekspert bildirib.

Vaşinqton növbəti dəfə Türkiyənin, xüsusilə də İraqdan qoşunlar çıxarıldıqdan sonra regionda müttəfiq kimi əhəmiyyətini göstərmək istəyir, belə ki, yeddillik müharibə ABŞ-ın Yaxın Şərqdəki imicinə böyük zərbə vurub.

"ABŞ siqnal göndərir ki, başqa ölkələr onların etdiklərini təkrarlasınlar və Ankara ilə daha sıx əməkdaşlığa meyl göstərsinlər. Türkiyəyə strateji müttəfiq kimi olan ehtiyac İraqda hərbi fəaliyyət başa çatdıqdan sonra daha da artıb", - Özev hesab edir.

ABŞ-ın İraqdakı hərbi kontingentinin maksimum sayı 170 min nəfərə çatmışdı. Əməliyyatlarda müxtəlif vaxtlarda 49 ölkə iştirak edib. Daha çox kontingent Böyük Britaniyanın (45 min nəfərədək), İtaliyanın (3,2 min), Polşanın (2,5 min), Gürcüstanın (2 min) və Avstraliyanın (2 min nəfərədək) olub. 2009-cu ilin avqustundan etibarən İraq ərazisində yalnız Amerika kontingenti qalıb.

CNN Turk telekanalının məlumatına görə, Mullenin səfəri zamanı gündəlikdə digər mövzu Vaşinqton və Ankaranın Türkiyə ərazisində Kürd İşçi Partiyasına (PKK) qarşı birgə mübarizəsi olacaq. Telekanalın saytının yazdığına görə, danışıqlarda PKK-ya qarşı mübarizədə Türkiyə, İraq və ABŞ arasında üçtərəfli mexanizmin yaradılması müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti