...

Rusiya və Gürcüstan hələlik dialoqa hazır deyillər – ekspertlər

Siyasət Materials 10 Sentyabr 2010 09:00 (UTC +04:00)
Beynəlxalq birliyin çoxsaylı çağırışlarına baxmayaraq, bu gün Rusiya və Gürcüstan arasında dialoq münaqişənin hər iki tərəfinin danışıqlara hazır olmaması səbəbindən mümkün deyil, - ekspertlər belə hesab edirlər.
Rusiya və Gürcüstan hələlik dialoqa hazır deyillər – ekspertlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Beynəlxalq birliyin çoxsaylı çağırışlarına baxmayaraq, bu gün Rusiya və Gürcüstan arasında dialoq münaqişənin hər iki tərəfinin danışıqlara hazır olmaması səbəbindən mümkün deyil, - ekspertlər belə hesab edirlər.

"Əvvəlcə ilkin şərt olmadan dialoq aparmağa hazır olduğunu bəyan edən, sonra isə həmin şərtləri irəli sürən Gürcüstanın qeyri-ardıcıl siyasəti Moskvaya bundan sonra sükutu pozmamağa imkan verir", - gürcü ekspert Soso Siskarikşvili hesab edir.

Finlandiya xarici işlər naziri Aleksandr Stub sentyabrın 8-də Tbilsidə olarkən Rusiya və Gürcüstanı danışıqlar masası arxasına əyləşməyə çağırıb.

"Münaqişə üç mərhələdən ibarətdir. Birincisi - gərginliyin eskalasiyası; ikincisi - bilavasitə münaqişənin özü və nəhayət, daha sonra onun nizamlanması gəlir ki, bu da ən uzun və çətin mərhələdir. Tərəflərin danışıqlar masası arxasına əyləşməsi vacibdir, bu baxımdan, Cenevrə danışıqları çox mühümdür", - Stub deyib.

Bundan əvvəl, sentyabrın 7-də Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze estoniyalı həmkarı Urmas Paetlə birgə mətbuat konfransında Gürcüstanın Rusiya ilə istənilən vaxt, istənilən məsələ ilə bağlı, heç bir şərt olmadan danışıqlara başlamağa hazır olduğunu bildirib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə qondarma respublikalarla diplomatik əlaqələr qurub.

Rusiya və Gürcüstan üzrə amerikalı ekspert Aleksandr Kulinin (Alexander Coole) fikrincə, tərəflərin dialoqu yoluna qoyması vacibdir - Rusiya və Gürcüstanı bir çox şeylər, eləcə də iqtisadi əlaqələr və iki xalqın dostluğu birləşdirir. "Cenevrədəki danışıqlardan və separatçı ərazilərdə - Cənubi Osetiya və Abxaziyada vəziyyətdən asılı olmayaraq, ölkələr arasında diplomatik kanalların açıq qalması vacibdir", - Kolumbiya Universiteti yanında "Bernard" beynəlxalq münasibətlər və beynəlxalq siyasət qurumunun professoru, Trend-in Ekspertlər Şurasının üzvü Kuli Trend-ə bildirib.

Lakin müşahidəçilərin fikrincə, Rusiya və Gürcüstan, Qərbin çoxsaylı çağırışlarına baxmayaraq, hələlik danışıqlar masası arxasına əyləşməyə hazır deyillər.

MDB ölkələri üzrə rusiyalı ekspert Vladimir Jarixin hesab edir ki, Gürcüstanla diplomatik münasibətləri ilk olaraq Rusiya pozmayıb.

"Abxaziya və Cənubi Osetiya üzrə, yeri gəlmişkən, Tbilisi və bu respublikalarla çoxtərəfli formatlarda aparılmalı olan danışıqlar yeni heç nə gətirməyəcək. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir və o, dəfələrlə bunu səsləndirib", - Moskvadan MDB ölkələri direktorunun müavini Jarixin bildirib.

Gürcü ekspert Giya Xuxaşvili hesab edir ki, Rusiya Gürcüstanın hazırkı hökuməti ilə danışıqlar aparmağa hazır deyil. "Rusiyanın Gürcüstanla dialoq aparmamaq taktikası aydındır, çünki Gürcüstan Prezidenti danışıqlarda tərəfdaş kimi əlverişli deyil", - Xuxaşvili Trend-ə bildirib.

Siskarişvilinin fikrincə, Mixeil Saakaşvili Rusiya tərəfi üçün danışıqlar aparan şəxs kimi həqiqətən də qəbuledilməz fiqurdur. "Lakin qeyd etmək vacibdir ki, Gürcüstanla Rusiya arasında ziddiyyətlər Saakaşvili hələ siyasətə qoşulmamışdan mövcud idi", - ekspert deyib.

Jarixinin sözlərinə görə, Gürcüstana Rusiya ilə əlaqələrsiz yaşamaq kifayət qədər ağırdır. "Və nə qədər ki, xalq öz hökumətini [Gürcüstan] dəstəkləyir, Rusiya gözləyə bilər", - o deyib. Onun fikrincə, Moskvanın Qərblə münasibətlərində Tbilisi ilə dialoqun olmaması, əslində, heç nəyə təsir etmir.

"Qərbin gözlərində Rusiyanın imici onun nə dərəcədə ardıcıl olması və öz milli maraqlarında nə dərəcədə israrlı olması ilə formalaşır, yerdə qalanları ritorikadır", - Jarixin deyib.

Kulinin fikrincə, Rusiya ilə əlaqələrin olmaması Gürcüstana ağır zərbə vurub. Onun sözlərinə görə, bu gün Gürcüstana birbaşa xarici investisiyalar müharibəyəqədərki kimi böyük deyil, bir sıra enerji şirkətləri regionu investisiyalar üçün qeyri-sabit hesab edirlər, çünki Xəzər neftinin ixracı üçün potensial "tranzit risklər" mövcuddur.

Lakin onun fikrincə, Qərb bundan sonra da Gürcüstanı dəstəkləyəcək.

"Abxaziya və Cənubi Osetiya arasında mübahisə, əvvəlki kimi, Birləşmiş Ştatlarla Rusiya arasında kəskin ziddiyyət yaradır; Vaşinqton isə münasibətlərin "yenidən yüklənməsi"nə və digər problemli sahələrdə əlaqələrin yaxşılaşmasına baxmayaraq, Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir ", - Kuli bildirib.

Materialın hazırlanmasında N.Kirsxaliya (Tbilisi) və V. Javoronkova iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti