...

Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdədir – səfirlə müsahibə

Siyasət Materials 13 Sentyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanovun Trend-ə müsahibəsi
Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdədir – səfirlə müsahibə

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanovun Trend-ə müsahibəsi

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Ağayeva/

- Cənab Səfir, Siz qısa müddətdir ki, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Diplomatik Nümayəndəliyinə Səfir postuna təyin edilmisiniz. İki ölkə arasında siyasi və humanitar sahədəki əlaqələri necə xarakterizə edərdiniz?

- Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud siyasi əlaqələr, əsasən, 2001-ci ildə səfirliyimizin bu ölkədə təsis edilməsindən sonra inkişaf etməyə başlayıb. Qısa müddət ərzində bir sıra qarşılıqlı səfərlər təşkil edilib, əlaqələrin ilkin olaraq inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müvafiq sənədlər imzalanıb. Xüsusilə də qeyd etmək istərdim ki, 2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri həyata keçirilib və səfər çərçivəsində dövlət başçımızın Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanla görüşü Azərbaycan-BƏƏ münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edib. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni, turizm və s. sahələri əhatə edən sazişlər imzalanıb ki, artıq bu sazişlərin müddəalarından irəli gələn məsələlərin əksəriyyəti həyata keçirilib. Qeyd etmək istərdik ki, İlham Əliyevin BƏƏ-yə səfərindən sonra iki ölkə arasında əməkdaşlıq əlaqələri istər siyasi, iqtisadi, mədəni, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf etmiş və etməkdə davam edir.

2006-cı ildə Azərbaycan Prezidentinin BƏƏ-yə həyata keçirilən rəsmi səfərindən sonra iki ölkə arasında yüksək vəzifəli rəsmilər səviyyəsində ikitərəfli səfərlərin sayı daha da artıb. Bu baxımdan qeyd etmək istərdim ki, 2008-ci ilin 17-19 mart tarixlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BƏƏ-də rəsmi səfərdə olub və səfər zamanı ölkənin Əbu Dabi Əmirliyinin vəliəhdi, Silahlı Qüvvələrin baş komandanının müavini Şeyx Məhəmməd bin Zaid Al Nəhyan, xarici işlər naziri Şeyx Abdullah bin Zaid Al Nəhyan, xarici ticarət naziri Şeyxa Lubna əl-Qasimi və iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri ilə görüşlər keçirib.

Həmçinin, 2008-ci ilin may ayında BƏƏ-nin xarici ticarət naziri Şeyxa Lubna bint Xalid əl-Qasiminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində BƏƏ xarici ticarət naziri Şeyxa Lubna əl-Qasimi Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

2009-cu ildə də Azərbaycan və BƏƏ arasında bir sıra qarşılıqlı səfərlər və ikitərəfli görüşlər həyata keçirilib. 2009-cu il mayın 26-da BƏƏ energetika naziri Məhəmməd əl-Həmilinin, 20-21 aprel tarixlərində BƏƏ-nin iqtisadiyyat naziri, Federal Nəqliyyat və Federal Mülki Aviasiya qurumlarının sədri Sultan bin Səid əl-Mənsurinin, 8-9 iyul tarixlərində BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zaid Al Nəhyanın başçılıq etdiyi nümayəndə heyətləri ölkəmizdə səfərdə olublar.

Bu səfərlər zamanı Azərbaycan rəhbərliyi ilə keçirilmiş görüşlərdə ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluq bildirilib, ikitərəfli əməkdaşlığımızın çox fəal olduğu vurğulanıb, BƏƏ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmləndiyi qeyd edilib. Görüşlər zamanı, eyni zamanda, iki ölkə arasında energetika, turizm, iqtisadiyyat, ticarət sahələrində, özəl sektorda əlaqələrin inkişaf perspektivləri, habelə iki ölkənin birgə regional layihələr çərçivəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Hər iki ölkənin mövcud qanunvericiliyi çərçivəsində iş adamları tərəfindən iqtisadiyyat sahəsinə, xüsusilə də turizm sahəsinə birgə sərmayə yatırımı geniş müzakirə mövzusu olub.

Bu səfərlərlə yanaşı, 2009-cu ildə ölkəmizdən də BƏƏ-yə bir sıra rəsmi və işgüzar səfərlər həyata keçirilib. Bu baxımdan qeyd etmək istərdim ki, 21-22 dekabr tarixlərində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif nazirlərinin müavinlərindən ibarət böyük bir nümayəndə heyəti BƏƏ-yə rəsmi səfər edib. Nazir Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı BƏƏ iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə iki ölkə arasında inkişaf edən iqtisadi və ticari əlaqələrin inkişaf səviyyəsindən məmnunluq bildirilib, eyni zamanda, hər iki ölkənin coğrafi, mədəni yaxınlığının bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə şərait yaratdığı qeyd edilib.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın ədalətli mövqeyi BƏƏ ictimaiyyətinə necə çatdırılır? Səfirlik bu istiqamətdə hansı işləri görür?

- Bildirmək istərdim ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə bütün danışıq və görüşlərdə Azərbaycanın mövqeyinin çatdırılması ilə əlaqədar səfirliyin fəaliyyəti davamlı olaraq artırılır və müvafiq işlər aparılır. Səfirlik tərəfindən həyata keçirilmiş bütün tədbirlərdə və görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində nizamlanması istiqamətində Azərbaycanın ədalətli mövqeyi barədə BƏƏ ictimaiyyətinə təfərrüatlı məlumatlar verilir. Eyni zamanda, səfirlik tərəfindən münaqişə ilə bağlı keçirilmiş toplantılarda KİV nümayəndələrinə açıqlamalar verilir. Son dövrlərdə BƏƏ-də fəaliyyət göstərən bəzi mətbuat orqanlarında Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatların nəşr edilməsinə nail olmuşuq.

- BƏƏ-də Azərbaycan icması hansı formada fəaliyyət göstərir və bu ölkənin Azərbaycana marağının artmasında nə kimi rol oynaya bilər? Səfirliyin icma ilə nə kimi əlaqələri mövcuddur?

- Bu sualınızla əlaqədar bildirmək istərdim ki, Birləşmiş Ərəb Əmirliklərində müvəqqəti və daimi yaşayan, çalışan və təhsil alan vətəndaşlarımız müvafiq qaydada özlərinin müraciətləri əsasında səfirliyin konsulluq şöbəsində qeydiyyata alınır. Onların sayı çox olmasa da mütəmadi olaraq səfirlik tərəfindən icma ilə əlaqələr saxlanılır, Dubay və Əbu Dabi şəhərlərində toplantılar keçirilir, BƏƏ-nin ölkəmizə marağının artması istiqamətində icmanın birgə fəaliyyəti barədə müzakirələr aparılır. BƏƏ-nin müxtəlif institut və universitetlərində təhsil alan tələbələrimizə bu təhsil müəssisələrində keçirilən ictimai işlərdə onların fəal olmaları üçün tövsiyələr verilir, keçirilən beynəlxalq tələbə sərgi və festivallarında iştirakları təmin edilir, həmin tədbirlərdə ölkəmizin təbliğatı üçün lazımi materiallarla, müxtəlif kitab və disklərlə təchiz edilirlər. O cümlədən, BƏƏ-də fəaliyyət göstərən müxtəlif şirkətlərdə işləyən icma üzvlərimizə çalışdıqları müəssisələrdə yaymaları məqsədilə daim səfirlik tərəfindən müvafiq təbliğat materialları verilir. Həmçinin, səfirlik tərəfindən keçirilən bütün tədbirlərdə icma üzvlərinin iştirakı təmin edilir.

- Azərbaycan-BƏƏ mövcud iqtisadi münasibətləri və bu münasibətlərin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- İlk növbədə, qeyd etmək istərdim ki, 2001-ci ildə Birləşmiş Ərəb Əmirliklərində səfirliyimizin fəaliyyətə başlamasından etibarən ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına səfirliyimiz tərəfindən xüsusi diqqət ayrılıb və hazırda bu əlaqələrin inkişafına böyük önəm verilir. Hələ o zaman fəaliyyətimizin ilk illərində iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi məqsədilə biz qarşımızda bir sıra hədəflər qoymuş və bu hədəflərə nail olmaq üçün müvafiq tədbirlər görmüşdük. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, Əmirlik sərmayələrinin ölkəmizə cəlb edilməsi, həmçinin hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə biz, ilk növbədə, ölkələrimiz arasında iqtisadi sahədə hüquqi bazanın yaradılması istiqamətində müvafiq işlər apardıq. Belə ki, iki ölkə arasında qarşılıqlı sərmayələrin qorunması və təşviqi haqqında, həmçinin gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin imzalanmasına nail olmuşduq. Daha sonra qarşımızda duran əsas vəzifələrdən biri, iqtisadi sahədə əməkdaşlıq mexanizmlərinin müəyyən edilməsi idi. Bu istiqamətdə beynəlxalq praktikanı araşdıraraq qarşı tərəflə mütəmadi apardığımız müzakirələr nəticəsində müəyyən etdik ki, iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın yaradılmasına ehtiyac var. Belə ki, 2008-ci ildə hər iki tərəfin səyləri nəticəsində bu komissiyanın yaradılmasına nail olduq və 2008-ci il mayın 26-da Bakıda komissiyanın ilk iclasını keçirdik. İclasda iştirak etmək üçün BƏƏ-nin xarici ticarət naziri Şeyxə Lubna bint Xalid əl-Qasiminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qeyd etmək istərdik ki, bu iclasın keçirilməsi demək olar ki, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından faydalı olub və iqtisadi əlaqələrimizin gələcək istiqamətlərini müəyyən edib. Birgə Komissiyanın ilk iclasının yekunlarına dair protokol imzalanıb. Protokola əsasən, ölkələr investisiya və mövcud biznes mühitinə dair təqdimatlar keçirməklə neft-qaz, sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı, nəqliyyat, turizm, təhsil, səhiyyə, gömrük, ekologiya və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəklər. Bundan başqa, beynəlxalq sərgilər, forumlar və ticarət tədbirləri barədə informasiya mübadiləsinin aparılması, ikitərəfli ticarətin inkişafı, birgə layihələrin həyata keçirilməsi, iş adamları arasında əməkdaşlığın təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi də öz əksini tapıb.

Daha sonra növbəti ildə ölkələrimiz arasında iqtisadi əlaqələrin intensivləşməsi səbəbindən komissiyanın ikinci iclasının keçirilməsinə ehtiyac duyuldu və 2009-cu ilin 20-21 dekabr tarixlərində Əbu Dabidə iclasın keçirilməsinə nail olduq. Qeyd etmək istərdik ki, birinci iclasdan fərqli olaraq, ikinci iclasda ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq istiqamətləri daha da genişlənmiş və bura demək olar ki, enerji sektoru ilə yanaşı, qeyri-neft sektoruna aid olan digər sahələr də daxil edilmişdi. Belə ki, ikinci iclasın yekunu olaraq, tərəflər arasında protokol imzalanmış və protokolda əməkdaşlıq üzrə konkret layihələr öz əksini tapmışdı. Bu razılaşmalara əsasən, tərəflər energetika, sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, bank və maliyyə, gömrük, nəqliyyat, ekologiya, su və ətraf mühit sahələrində əməkdaşlıq əlaqələrini konkret layihələrlə müəyyən ediblər. Onu da xatırlatmaq istərdik ki, məhz iqtisadi komissiyanın ikinci iclasından dərhal sonra Azərbaycan-BƏƏ biznes forumu keçirildi və hər iki ölkənin biznes dairələri arasında ikitərəfli görüşlər təşkil edildi.

Vurğulamaq istərdik ki, iqtisadi sahədə ikitərəfli əməkdaşlığımızla yanaşı, həmçinin çoxtərəfli formatda da əlaqələrimiz mövcuddur və bu əlaqələr inkişaf etməkdədir. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, "IRENA" Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentlik və beynəlxalq maliyyə institutları çərçivəsində ölkələrimiz arasında fəal və konstruktiv əlaqələr qurulub. Ölkəmizdə həyata keçirilən Bakı dairəvi yolunun tikintisi və "Cənub" elektrik stansiyaaının inşası layihələrinə Əbu Dabi İnkişaf Fondu tərəfindən uzunmüddətli güzəştli kredit ayrılıb.

Bugünkü mərhələdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi məqsədilə tərəfimizdən bir sıra məsələlər ön plana çəkilib. Belə ki, hər iki ölkənin biznes dairələri arasında sıx təmasların yaradılması məqsədilə hazırda tərəfimizdən Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Eyni zamanda, son zaman iqtisadi əlaqələrimizin davamlı inkişafı səbəbindən iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsinə böyük ehtiyac duyulur və biz də hazırda iqtisadi sahədə bir sıra layihələrin tərəflər arasında imzalanmasına hazırlanması istiqamətində müvafiq işlər aparırıq.

Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində də əlaqələrimizin inkişaf etdirilməsi potensialı mövcuddur. Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına dövlət tərəfindən dəstək və bu sahənin inkişafına müvafiq subsidiyalar ayrılır. Hazırda Azərbaycan öz daxili bazarını ödəməklə yanaşı, qonşu dövlətlərə də kənd təsərrüfatı məhsullarını ixrac edir. Hesab edirik ki, ölkəmizin aqrosənaye məhsullarının ixracı baxımından Əmirlik bazarı da əlverişli ola bilər. Bu baxımdan da biz hazırda BƏƏ-də Azərbaycan kənd təsərrüfatı məhsullarının sərgisini təşkil etmək niyyətindəyik və bu istiqamətində müvafiq işlər aparırıq.

Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı sərmayələrin yatırılması, birgə müəssisələrin qurulması istiqamətində hazırda münbit şərait yaradılıb. Belə ki, qarşı tərəflə keçirdiyimiz görüşlərdə BƏƏ tərəfi ölkəmizə sərmayələrin yatırılmasında maraqlı olduqlarını bildirib və bu istiqamətdə Azərbaycan tərəfini əməkdaşlığa dəvət ediblər. Bununla əlaqədar olaraq, biz BƏƏ sərmayələrinin ölkəmizə cəlb edilməsi məqsədilə hazırda Əbu Dabidə "Azərbaycan İnvestisiya Forumu"nun təşkil edilməsi istiqamətində müvafiq işlər aparırıq.

Eyni zamanda, qeyd etmək istərdik ki, iki ölkə arasında demək olar ki, hər il biznes forumları keçirilir. Son üç il ərzində iki ölkə arasında qarşılıqlı olaraq Bakıda və Əbu Dabidə ümumilikdə dörd biznes forumu keçirilib. Biznes forumlarının ardıcıl olaraq hər il təşkili hər iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı maraqları əsasında yaranır ki, bu da biznes dairələrinin əməkdaşlığına zəmin yaradır.

Beləliklə, bütün bunlar onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Ümid edirik ki, bütün bunların həyata keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına, gələcəkdə əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək.

- İl ərzində hər hansı qarşılıqlı səfərlər nəzərdə tutulur?

- 2010-cu ildə də iki ölkə arasında bir sıra qarşılıqlı rəsmi səfərlər həyata keçirilib və ilin sonuna kimi bir sıra rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu sualınızla bağlı onu deyə bilərəm ki, cari ilin 9-10 iyun tarixlərində BƏƏ xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Hidanın bağçılığı ilə nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. İclas zamanı Azərbaycan-BƏƏ hökumətləri arasında "Diplomatik pasportlara malik vətəndaşların vizasız gediş-gəlişinə dair" Anlaşma Memorandumu imzalanıb. Memorandumun yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, ümumiyyətlə, səfirliyimiz tərəfindən qarşıya qoyulmuş əsas prioritetlərdən biri iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı səfər mübadilələrinin təşkili olunmasıdır. Cari ilin sonuncu rübündə və 2011-ci ildə bir sıra qarşılıqlı səfərlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti