...

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşüb

Siyasət Materials 18 Noyabr 2010 22:10 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşüb, məlumati AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşüb

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşüb, məlumati AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı.

"Sizi Azərbaycanda salamlamağa çox şadam. Sağ olun ki, dəvətimizi qəbul edib ölkəmizə gəlmisiniz. Bu gün görüşmək üçün yaxşı səbəb vardır. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitini keçiririk. Bu fürsətdən istifadə edib Sizinlə görüşməyə və ikitərəfli münasibətlərimizi, regional problemləri bir daha müzakirə etməyə çox şadam.
Münasibətlərimiz çox dinamik, uğurla, müsbət istiqamətdə inkişaf edir. İki qardaş ölkə beynəlxalq təşkilatlarda, regional formatda fəal qarşılıqlı əlaqə saxlayır, regionlarımız arasında iqtisadi əlaqələr inkişaf edir və ümumiyyətlə, böyük sənaye potensialımız vardır. Buna görə də, əlbəttə, iqtisadi gündəmdə olan məsələlərə bir daha nəzər salmağa, harada nəyi əlavə edə biləcəyimizə, hansı sahələrin müştərək layihələrlə hələ tam əhatə edilmədiyinə baxmağa ehtiyac vardır. Potensial həqiqətən çox böyükdür və ən başlıcası bizdə, Azərbaycanda ikitərəfli əlaqələrimizi xalqlarımızı həmişə bir-birinə bağlayan dostluq, mehriban qonşuluq, qardaşlıq ruhunda çox fəal inkişaf etdirmək arzusu güclüdür. Ölkələrimizin artıq müstəqil dövlətlər kimi inkişaf etdiyi dövrdə biz bütün inteqrasiya proseslərinin çox fəal, dinamik inkişafının şahidiyik. Buna görə Sizi bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Ümid edirəm ki, ölkəmizdə olmağınız, qısamüddətli də olsa faydalı və xoş olacaqdır", - Azərbaycan Prezidenti deyib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təşəkkür edib.

"Bakıda, Azərbaycanda olmaq mənə həmişə xoşdur. Təəssüf ki, həmişə vaxt azlıq edir və Sizin kimi, biz də ölkəni gəzməyə macal tapmırıq. Mənim keçənilki səfərimdən sonra münasibətlərimiz daha da fəallaşmışdır. Baxıram ki, əmtəə dövriyyəsi xeyli artmışdır. Bu il Qazaxıstan sizə təxminən bir milyon ton buğda göndərmişdir. Bu, əvvəlki illərdəkindən xeyli çoxdur. Bu mürəkkəb təsərrüfat ilində sizə bu qədər buğda lazım oldu. Bütün başqa məsələlər və razılaşmalar barəsində heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, qarşılıqlı iqtisadi münasibətləri fəallaşdırmaq, ölkələrimiz arasında ticarəti, qarşılıqlı mədəni münasibətləri genişləndirmək lazımdır. İstanbul sammitindən sonra Xəzəryanı dövlətlərin başçılarının bu görüşü barədə razılığa gəlməyimiz də, görüşün gündəliyi də, hazırlanmış sənədlər də artıq ona dəlalət edir ki, bu görüş uğurlu olacaqdır. Hərçənd, biz qlobal məsələləri həll etmirik, buna baxmayaraq, Xəzər barədə Sizinlə bizim mövqelərimiz hələ Aşqabad görüşündən, Tehran görüşündən başlayaraq oxşar mövqelərdir. Bu gün qəbul edəcəyimiz sənədlər - ümumi bəyannamə və təhlükəsizliyə dair saziş də güclü inkişafa dəlalət edir. Fikrimcə, Azərbaycan tərəfi bunun üçün çox iş görmüşdür.

Biz dekabrın 1-də və 2-də keçiriləcək ATƏT-in sammitindəki hadisələri gözləyirik. Sizi orada gözləyirik. Bu, bizim gənc paytaxtımızda ilk dəfə keçirilən çox böyük tədbir olacaqdır. Ümumiyyətlə, indi hamımız bu məsələlər üzərində gərgin işləyirik, həyəcanlanırıq. Xəzər barədə mövqeləri təqribən bilirik. Bu barədə ümumi diskussiya mənim fikrimcə bir daha göstərəcəkdir ki, gələcəkdə Xəzərə dair ümumi konvensiya hazırlamaq, mövqelərimizi yaxınlaşdırmaq, bu məsələlərə dair konsensusa nail olmaq lazımdır" deyə Nursultan Nazarbayev bildirib.

Xəbər lenti

Xəbər lenti