Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Rufiz Hafizoglu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri
Türkiyənin xarici siyasətində "qonşularla sıfır problem" siyasəti tətbiq edildikdən sonra Ankaranın region dövlətlərinə qarşı siyasətində əsaslı dəyişikliklər oldu. "Qonşularla sıfır problem" siyasəti Balkan ölkələrindən tutmuş Cənubi Qafqaz ölkələrini, Rusiya və ərəb dünyasını əhatə edir.
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Ankara-Yerevan münasibətlərini də əhatə edən siyasəti Ermənistan məsələsində fiaskoya uğrasa da, bu siyasət özünü İran, Balkan ölkələri və xüsusəndə ərəb ölkələri ilə münasibətlərdə doğrultdu.
Ankara daha öncəki siyasi səhvləri düzəltmək, regionda aparıcı qüvvə olmaq və ərəb dünyasını fəth etmək üçün xeyli uğurlu addımlar atdı.
Ərəblər Ankaranın Baş nazir Rəcəb Tayyip Ərdoğanın simasında apardığı islahatlardan sonra Ərdoğan kimi Baş nazir arzusunda idilər. Şübhəsiz, Ərdoğan və Türkiyə demokratik islahatlara möhtac ərəb dünyasında yeni ümid mənbəyinə çevrilmişdi.
Türkiyə siyasi elitasının həyata keçirdiyi siyasi və demokratik islahatlardan sonra ölkədəki siyasi dəyişikliklərin gec-tez regionun ərəb dövlətlərinə təsir edəcəyi gözlən idi, çünki ərəb dövlətlərinin Türkiyə modelli demokratiyaya ehtiyacı var.
Lakin ərəb dövlətlərinin spesifikası və ərəb toplumunun fərqli olduğu nəzərə alınsa, kənar dövlətin demokratik təcrübəsinin bu ölkələrə tətbiq edilməsinin mənasız olduğunu görmək olar.
Bu günə gədər siyasi stabilliyi olmayan İraq buna kiçik bir misaldır.
Təbii ki, ərəb ölkələri insan haqları və demokratiya sahəsinə görə heç də eyni səviyyədə deyilllər.
Ərəb dövlətləri arasında demokratiya sahəsində nisbətən öndə gələnlərdən biri bir çox dövlətlərin siyasi maraqlarının toqquşduğu Livandır. Bu ölkədə Qərbin, Səudiyyə Ərəbistanının və İranın maraqları toquşsa da, Livan ərəb dünyasının ən demokratik dövləti sayıla bilər.
Livandan sonra nisbətən demokratik sayıla biləcək dövlət isə Küveytdir.
2010-cu ildə Amerikanın "Maryland" Universiteti və "Zogby International" sorğu şirkətinin birgə apardığı araşdırma nəticəsində ən çox ərəblərin demokratiyaya ehtiyac olduğu ortaya çıxdı.
18-24 yaşlı gənclər arasında keçirilən sorğunun nəticələrinə görə, misirli gənclərin 98, iordaniyalı gənclərin isə 87 faizi demokratik ölkələrdə yaşamaq arzusunda olğunu bildiriblər.
Maraqlı olsa da, nədənsə Qərb dövlətləri və Amerika Birləşmiş Ştatları ərəb dövlətlərində demokratiyanın olmasında bir o qədər də maraqlı deyillər.
Əslində, Amerikanın ərəb dövlətlərindəki demokratiyaya etinasız yanaşması İraq hadisələrindən dərs alması anlamına gəlmir. Çünki hazırda bir çox ərəb ölkələri insan haqları və demokratiya sahəsində eks-diktator Səddam Hüseynin hakimiyyəti dövründəki İraqdan geri qalmırlar.
Reallıq isə budur ki, bu gün Qərb və Amerika ərəb ölkələrindəki demokratiyanı öz iqtisadi və siyasi maraqlarına qurban edir.
Əslində, ərəb ölkələrindəki rejimlərin demokratik sistemlərlə əvəz olunması xalqın marağına uyğun olsa da, liderlərin maraqlarına ziddir və ərəb liderləri nəyin bahasına olursa olsun, öz hakimiyyətlərini qorumağa çalışırlar.
Lakin Tunisdəki "xalq inqilabı" bir daha sübüt etdi ki, artıq ərəblər dövləti şəxsi mülkiyyətinə çevirən liderlər qarşısında susmayacaqlar və onlar sözün əsl mənasında dəyişikliyə hazırdırlar.
Tunis inqilabının əsk-sədası müxtəlif formalarda digər ərəb ölkələrində duyulsa da, 28 ildən çox fövqəladə vəziyyətdə olan Misirdə gecikmiş də olsa, öz əksini tapdı - xalq "köləliyə son" şüarları ilə meydanlara axışaraq, Mübarəkin "təqaüdə" getməsini istədi.
Təbii ki, Tunisdəki Ben Əli rejimindən fəqli olaraq, Mübarək rejiminin devrilməsi elə də asan başa gəlməyəcək və misirlilər demokratiyanı qazanmaq üçün çox qurban verməli olacaqlar.
Misirdə hakimiyyət dəyişsə və demokratikləşsə, şübhəsiz bu, digər ərəb ölkələrinə də təsir göstərəcək.
Əgər Misir inqilabı baş tutsa, bu inqilabın tez bir zamanda qonşu İordaniyaya, Əlcəzair, Yəmən, bəlkə də Səudiyyə Ərəbistanına keçəcəyi istisna deyil.