...

Azərbaycanda Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir - general-leytenant Zakir Həsənov (MÜSAHİBƏ)

Siyasət Materials 10 Mart 2011 12:27 (UTC +04:00)
Azərbaycanda Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir - general-leytenant Zakir Həsənov (MÜSAHİBƏ)
Azərbaycanda Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir - general-leytenant Zakir Həsənov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Daxili Qoşunların yaradılmasının 19-cu ildönümü ərəfəsində qoşunlardakı inkişaf, şəxsi heyətin döyüş hazırlığı və digər məsələlərlə bağlı daxili işlər nazirinin müavini-Daxili Qoşunlar Komandanı general-leytenant Zakir Həsənovun Trend-ə müsahibəsi

- Daxili Qoşunlar Azərbaycanın dövlət quruculuğunda mühüm bir qurumdur. Daxili Qoşunların düzgün istiqamətdə inkişafı, dövlət quruculuğunda fəaliyyəti çox vacibdir. Bu sözləri ümummilli lider Heydər Əliyev dəfələrlə söyləmişdir. Daxili Qoşunlar ulu öndərimizin belə yüksək qiymətindən fəxr edə bilər.

- Əlbəttə, ümummilli liderin Daxili Qoşunların fəaliyyətini belə yüksək qiymətləndirməsi bu gün də şəxsi heyət üçün bir stimuldur.

Daxili Qoşunlar böyük öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı, söz və əməl vəhdəti nəticəsində formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığına malik bir quruma çevrilmişdir.

Bu gün Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi - texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son 5-6 il sıçrayış dövrü kimi xarakterizə olunur. Bunu Daxili Qoşunların yüksək döyüş hazırlığı, maddi-texniki sosial təminatı ilə yaxından tanış olan xaricdən gəlmiş peşəkar hərbçilər, mütəxəssislər, yüksək rütbəli zabitlər, generallar da qeyd etmişlər. Türkiyənin Jandarma Komandanı isə söyləmişdir ki, Azərbaycan belə qoşunları ilə fəxr edə bilər.

Ancaq ən önəmlisi ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların xidməti döyüş fəaliyyətinə verdiyi qiymətdir. Cənab Prezident demişdir ki, Daxili Qoşunlar xüsusilə son zamanlar çox sürətlə sürətlə inkişaf edir. Daxili Qoşunların döyüş hazırlığı, nizam-intizamı yüksəkdir. Bu gün Daxili Qoşunların qarşısına qoyulan vəzifələr yüksək səviyyədə yerinə yetirilir və məni qane edir. Bu çox yüksək qiymətdir və şəxsi heyətimiz cənab Ali Baş Komandanın bu sözləri ilə fəxr edir.

- Daxili Qoşunların xidməti döyüş hazırlığı, maddi-texniki vəziyyəti, silah-sursat təminatı barədə nə deyə bilərsiniz?

- Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına, maddi-texniki bazasına, silah-sursatına görə MDB-də nümunə olmaqla yanaşı, Avropanın bir çox müvafiq qurumları ilə də müqayisə edilə bilər. Bizə tez-tez Avropa dövlətlərindən, o cümlədən qardaş Türkiyə Jandarmasından nümayəndələr gəlir və onlar əhatəli tanışlıqdan sonra Daxili Qoşunlar haqda müsbət fikirlər söyləyirlər.

Bu gün Daxili Qoşunların silahı, texnikası, xüsusi vasitələri Avropada istehsal olunan son modellər, ən müasir texnika və avadanlıqlardır. Bütün bu işlərin görülməsində dövlətimizin başçısı maliyyə dəstəyi göstərir. Elə buna görə də Daxili Qoşunların hər bir sahədə təminatında heç bir problem yoxdur.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması daima Daxili İşlər Nazirinin, eləcə də komandanlığın nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də xüsusi əməliyyatlarda şəxsi heyət müsbət nəticələr əldə edir. Əlbəttə ki, bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır.

Komandir heyətinin bilik və bacarığının təkmilləşdirilməsi məqsədilə qoşunların yeni silahlarından istifadə qaydalarının daha yaxşı mənimsənilməsi üçün metodiki təlim toplantıları, döyüş atışlı taktiki təlimlər də müntəzəm olaraq keçirilir.

Müdafiə Nazirliyi, Dövlət Sərhəd xidməti və Daxili Qoşunların helekopter, zirehli nəqliyyat, artilleriya qurğuları, müasir silah və texnikadan istifadə etməklə Bakıda və Naxçıvanda keçirilən birgə taktiki təlimdə qoşunların şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirmişdir. Təlimlərdə yüksək nəticələr əldə etmiş hərbi qulluqçularımız Silahlı Qüvvələrin Ali Baş Komandanı və Daxili İşlər Naziri tərəfindən mükafatlandırılmışlar.

Eyni zamanda il ərzində müntəzəm olaraq səhra çıxışları zamanı bütün növ silahlardan, müasir rabitə qurğularından, gecəgörmə cihazlarından istifadə qaydaları daha da təkmilləşdirilir.

Bütün nəzəri və praktiki təlimlər yalnız bir məqsədə - Daxili Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasına xidmət edir.

- Cənab Komandan, Daxili Qoşunların funksional vəzifələrindən biri də ictimai asayişin qorunmasıdır. Bu sahədə hazırlıq nə vəziyyətdədir?

- Daxili Qoşunlar onlara həvalə edilmiş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar və hüquqazidd qəsdlərdən qoruyur.

Daxili Qoşunların Statusu haqqında qanunun 4-cü bəndində göstərildiyi kimi, Daxili Qoşunlar şəhərlərdə və digər yaşayış məntəqələrində ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşılır. Daxili Qoşunların müvafiq bölmələri də mövcud qanun və prinsiplərə əməl edərək öz vəzifələrini yerinə yetirirlər. Bu bölmələr Avropada istehsal olunmuş ən müasir avadanlıqlarla təmin olunublar. Xüsusi qeyd etmək istəyirəm ki, biz həm beynəlxalq qanunlara ciddi əməl edirik, həm də ölkə daxili ictimai-asayişin, sabitliyin tam təmin olunması vəzifəsini yerinə yetiririk.

- Daxili Qoşunların təkmilləşdirilməsi prosesində NATO standartlarının tətbiqi ilə bağlı hansı işlər görülür?

- Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan MDB ölkələri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdən biri olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü ildə NATO-nun qərargahlarına səfəri zamanı SNT-yə qoşulmaq haqqında sənəd imzalamışdır, gələcək əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə plan hazırlanmışdır. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi moderiasiya, Silahlı Qüvvələr üzərində demokratik nəzarət, sülhməramlı əməliyyatlar, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və s. sahələr daxildir. Bu məqsədlə Azərbaycanın Fərdi Tərəfdaşlıq Üzrə Əməliyyat Planı (FİƏP) hazırlanmışdır. Azərbaycan Silahlı Qüvvələri, eyni zamanda Daxili Qoşunlar da öz üzərinə Tərəfdaşlıq məqsədləri götürmüşdür.

Daxili Qoşunların NATO üzvü olan ölkələrin jandarma təşkilatlarının strukturlarına uyğunlaşdırılması məqsədilə əməliyyat bölüklərinin əksəriyyəti ləğv olunmuş, xüsusi təyinatlı bölmələrə malik olan və polis funksiyalarını yerinə yetirən motorlaşdırılmış birliklər yaradılmışdır. Qoşunların orta ixtisas hərbi məktəbində müdavimlərə NATO, BMT, sülhməramlı əməliyyatlar, antiterror fəaliyyətləri, kiberterrorizmlə mübarizə, Avropa Birliyi, insan haqları mövzusunda dərslər, konfranslar verilir. Təlimlərin NATO standartalrına uyğunlaşdırılması, hərbi qulluqçuların bilik və peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə Qoşunların təlim-tədris mərkəzləri müasir avadanlıqla, tədris vəsaitləri ilə təmin olunmuşdur

Eyni zamanda Orta ixtisas hərbi məktəbin bazasında Daxili Qoşunların Ali Hərbi məktəbinin yaradılması planlaşdırılmışdır.

Bununla yanaşı, Daxili Qoşunların 300-dək hərbi qulluqçusu müxtəlif xarici ölkələrdə ingilis dili, insan hüquqları, ixtisas hazırlığı, komando və bölmələrin qarşısında qoyulmuş digər tapşırıqların icrası üzrə təlim kurslarında təhsil almışlar.

- Cənab general, Daxili Qoşunların tərkibində münaqişə zonalarında polis əməliyyatlarının keçirilməsinə yardım göstərilməsi üçün xüsusi bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Bununla bağlı nə deyə bilərsiniz?

- NATO-nun Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planına əsasən sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün, 2015-ci ildə isə Əməliyyat imkanları Konsepsiyası çərçivəsində bir taborun yaradılması planlaşdırılmışdır.

Bu məqsədlə Daxili Qoşunların ölkədən kənarda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını təmin etmək üçün qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi barədə müvafiq qanun qəbul edilmişdir. Polisə dəstək bölüyünün hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsi, lazımi maddi-texniki vasitələrlə təchiz olunması üçün bir çox işlər həyata keçirilmiş, NATO standartlarına uyğun təlim-tədris proqramları tərtib olunmuşdur

Təlimlər zamanı əsas diqqət silahlı cinayətkarların axtarılması və tutulması, ictimai asayişin qorunması, kütləvi iğtişaşların qarşısının alınması, terroristlərin zərərsizləşdirilməsi kimi istiqamətlərin öyrənilməsinə yönəldilir.

Polisə dəstək bölüyünün şəxsi heyətinin xarici dilləri bilməsi böyük əhəmiyyət daşıyır. Qoşunların 15 nəfər hərbi qulluqçusu Türkiyə və Sloveniyada ingilis dili kurslarına göndərilmişdir.

Sülhməramlı polisə dəstək bölüyü Türkiyə, İsrail, ABŞ, Almaniya və Rusiyada istehsal olunmuş müasir silah, sursat, texnika ilə təmin olunmuşdur. Onların istismar qaydalarının öyrənilməsi üzrə praktiki təlimlər keçirilir.

Bütün bu fəaliyyətlərlə yanaşı "Şimali Atlantika Şurası + Azərbaycan" formatında Brusseldə-NATO-da keçirilən iclaslarda Qoşunların yüksək rütbəli hərbi qulluqçuları mütəmadi iştirak edirlər.

- Cənab Komandan Daxili Qoşunların beynəlxalq əməkdaşlığı barədə fikirlərinizi bilmək istərdik...

- Daxili Qoşunların beynəlxalq əlaqələrinin də təməlini ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. 1997-ci il oktyabrın 31-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti Jandarma Komandanlığı ilə Daxili Qoşunlar arasında qarşılıqlı əməkdaşlığa dair Protokol imzalandı. O zaman Daxili Qoşunların çox ehtiyacı olan ixtisaslı zabit kadrlarının hazırlanması məqsədilə böyük öndərin bu təşəbbüsü iki dövlət, iki qurum arasında əbədi dostluğun təməlini qoydu. Bu, Daxili Qoşunlarda yeni bir mərhələnin - beynəlxalq əlaqələrin başlanğıcı və tarixin qanunauyğun təkrarı idi.

Həm Jandarma, həm də Daxili Qoşunlar üçün çox vacib olan bu əlaqələri Heydər Əliyev çox qiymətləndirirdi. O, Daxili Qoşunların xidmətini gərəkli hesab edərək demişdi ki, dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkili çox əhəmiyyətlidir.

Bu illər ərzində Jandarma qüvvələrinin zabitləri Daxili Qoşunlarda mərhələ-mərhələ fəaliyyət göstərərək təlim-tədris prosesinə kömək göstərmişlər. Yenə də bu iş davam etdirilir.

Daxili Qoşunların zabit və gizirləri Türkiyənin nüfuzlu Ali Hərbi Məktəblərində təhsil alır, öz bilik və bacarıqlarını, peşəkarlıqlarını artırırlar.

Mən Türkiyə Cümhuriyyəti Jandarma Baş Komandanı Ordu generalı Necdet Özelə və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı hərbi attaşesi general-mayor Özhan Ayaşa təşəkkürümü bildirirəm.

Eyni zamanda hərbi qulluqçularımız Amerika Birləşmiş Ştatları, Almaniya, Çin Xalq Respublikası, Sloveniya, İtaliya, Fransa, İsrail və s. ölkələrdə hərbi kurslar bitirmiş, müvafiq təlimlərdə iştirak etmişlər.

Bundan əlavə NATO, ATƏT, BQXK və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən seminar və kurslarda zabitlərimiz iştirak edərək öz biliklərini daha da təkmilləşdirirlər. Bu proses davamlıdır.

- Cənab komandan, son vaxtlar orduya ictimai nəzarət məsələsi çox aktual bir mövzuya çevrilib. Sizin buna münasibətiniz necədir?

- Mən indi yox, çox illər əvvəl də orduya ictimai nəzarətin tərəfdarı olduğumu demişəm. Bu gün də münasibətim dəyişməz qalır.

Daxili Qoşunlar daima xalqın içərisindədir. Dövlət və dövlətçilik uğrunda gedən mübarizələrdə, asayişin, sabitliyin qorunmasında daima birgə addımlayır.

Son 8-10 il ərzində qoşunların ictimaiyyətlə əlaqələrində çox isti, doğma bir münasibət formalaşıb. Müntəzəm olaraq hərbi hissələrimizdə gənclər, Ali məktəb tələbələri, əsgər valideynləri, millət vəkilləri, incəsənət xadimləri olurlar. Onlar hərbi hissə ilə, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksləri, ümumiyyətlə, əsgərlərin bütün yaşayış tərzinə baxırlar. Bu çox vacib bir məsələdir. Ola bilər ki, bizim görə bilmədiyimiz hər hansı bir neqativ hadisəni onlar görə bilər və bu operativ surətdə aradan qaldırılar. Ona görə də mən belə görüşlərin tərəfdarıyam və əminliklə deyirəm ki, ordu ilə xalqın, ictimaiyyətin əlaqəsi çox vacib və gərəklidir.

- Hərbi qulluqçuların sosial vəziyyəti, digər təminat məsələləri necədir?

- Mən xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların sosial bazasını da cənab Ali Baş Komandan daima diqqətdə saxlayır. Bu sahə ilə bağlı cənab prezident davamlı olaraq sərəncamlar imzalayır. Yenicə ayrıldığımız 2010-cu ildə hərbi qulluqçuların əmək haqqı artırıldı. Bu gün Daxili Qoşunların hərbi şəhərcikləri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, təlim mərkəzləri, geniş, işıqlı, mərkəzləşdirilmiş istilik sistemi olan xidməti mənzillər hərbi qulluqçuların ixtiyarındadır. Artıq Daxili Qoşunların demək olar ki, 80%-dən çox hissəsi xidməti mənzillərlə təmin olunublar. Bu il daha bir 12 mərtəbəli binanın mənzillərinin orderləri hərbi qulluqçulara təqdim ediləcək. Binada uşaq baxçası, musiqi məktəbi, dil kursları və digər vacib sahələr də fəaliyyət göstərəcək.

Daxili Qoşunların Nabranda yerləşən istirahət mərkəzində hərbçi ailələri çox cüzi məbləğdə ödənişlə istirahət edirlər. Eyni zamanda Daxili Qoşunların ən müasir tibbi avadanlıqlarla təmin olunmuş hərbi hospitalı da əsgər və zabitlərə, onların ailələrinə yüksək səviyyədə xidmət edir. Bu belə də olmalıdır.

Mən tam cəsarət və qətiyyətlə deyirəm ki, daxili Qoşunlarda ən hörmətli şəxs əsgərdir. 30 ildən çoxdur ki, hərbi qulluqdayam. Azərbaycan əsgərinə çox yüksək qiymət verirəm. Azərbaycan əsgəri dünyanın ən yaxşı əsgərlərindəndir. O, düzgün təlimatlandırılsa, təminatı düzgün qurulsa, onunla qanun çərçivəsində münasibət formalaşsa, əsgər qarşısında qoyulan bütün vəzifələri keyfiyyətlə yerinə yetirər.

Ümumiyyətlə, gənc çağırışçılar Daxili Qoşunlara qəbul olunduğu gündən xüsusi diqqət və nəzarət əhatəsində olurlar. Təbii ki, əsgərlər müxtəlif düşüncə tərzinə, fərqli əqidəyə və fiziki göstəricilərə malik olur. Ona görə də hər bir əsgərlə fərdi tərbiyə işi aparılır. Bu sahədə görülən bütün fəaliyyət də yalnız dövlətə, xalqa sədaqət, vətənpərvərlik hissinin aşılanması çərçivəsində görülür.

Fiziki cəhətdən zəif, çəkisi az olan əsgərlər xüsusi menyu ilə qidalanırlar. Əsgərləri istədiyimiz çəkiyə çatdırmağa müvəffəq oluruq. Zəif, xəstə, cılız əsgər Vətənə layiqincə xidmət edə bilməz.Ona görə də əsgərlərin qidalanması xüsusi əhəmiyyət kəsb edir və bu sahə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun da diqqətindədir. Cənab nazir tez-tez hərbi hissələrə səfər edir, əsgərlərin şəraiti ilə tanış olur, əsgər yeməkxanasında onlarla birgə nahar edir. Cənab nazir təkcə hərbi hissələrdə olmaqla kifayətlənmir. Mütəmadi olaraq hərbi hissələrə müxtəlif ərzaq payı göndərir. Əsgərlər bu diqqət və qayğını daim hiss edir.

Daxili Qoşunların yardımçı təsərrüfatının məhsulları da əsgərlərin qida rasionuna daxil edilir. Bütün bunların sayəsində əsgərlərin yemək kalorisini 4500-ə qaldırmışıq. Bu aparıcı dövlətlərin ordusunun müvafiq göstəriciləri ilə də müqayisə oluna bilər, hətta bir çoxundan üstün sayılır.

Daxili Qoşunlarda xidmət edən əsgərlər arasında sosial bərabərlik hökm sürür. Yəni xidmət bütün əsgərlər arasında eyni qaydada bölünür. Hətta əsgərlər hansı tarixdə məzuniyyətə gedəcəklərini də əvvəlcədən bölükdə asılan tərtib olunmuş qrafikdə görürlər.
Dəfələrlə sübut olunmuşdur ki, bütün problemlər əsgərlər arasında bərabərliyin pozulması səbəbindən yaranır. Bu, Daxili Qoşunlarda daima nəzarətdə saxlanılan bir sahədir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı da bizdən tələb edir ki, əsgərə yüksək diqqət və qayğı göstərək.

Azərbaycan əsgəri ölkə prezidentinin diqqət və qayğısını hər an hiss edir və yüksək qiymətləndirir, cənab Ali Baş Komandanın etimadına ləyaqətli, fədakar xidmətləri ilə cavab verirlər.

Daxili Qoşunların şəxsi heyəti dövlətimiz və dövlətçiliyimiz naminə Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə qadirdir və hazırdır.

Xəbər lenti

Xəbər lenti