...

Prezident Karolos Papulyas: Yunanıstan Azərbaycanla energetika sahəsində əməkdaşlıqdan müsbət nəticələr gözləyir

Siyasət Materials 4 Aprel 2011 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir Y.Ostapenko/

Yunanıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf edir və biz iki ölkə arasında yüksək səviyyəli səfərlərin sayının son illərdə artmasını görməyə şadıq. Bu barədə aprelin 4-6-na Azərbaycana nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Trend-ə müsahibəsində Yunanıstan Prezidenti Karolos Papulyas deyib.

"Yunanıstan Azərbaycanı müstəqillik qazandıqdan dərhal sonra tanıyıb və Bakıda səfirliyini açan ilk ölkələrdən olub", - o qeyd edib.

Papulyasın sözlərinə görə, iki il əvvəl Yunanıstan Azərbaycan Prezidenti İlham Əliyevi Afinada qəbul edib. "Onun səfəri çox uğurlu olub və səfər zamanı ikitərəfli əməkdaşlıq haqqında bir sıra mühüm sazişlər imzalanıb. Mən cənab İlham Əliyevin cavab səfəri etmək dəvətini məmnuniyyətlə qəbul etdim", - Yunanıstan Prezidenti qeyd edib.

"Yunanıstanın Qafqaz regionuna xüsusi marağı var. Bu, bizim ATƏT-də bu yaxınlardakı sədrliyimiz dövründə, həmçinin Aİ-də sədrlik etdiyimiz 2003-cü il ərzində nümayiş olunub", - Yunanıstan Prezidenti bildirib. Prezident deyib ki, beləliklə, Yunanıstan Azərbaycan və Aİ arasında assosiasiya haqqında saziş üzrə danışıqların başlanmasına xüsusilə şaddır. "Yunanıstan Aİ-yə üzv ölkə kimi bu perspektivə sadiqdir", - Papulyas qeyd edib.

Prezidentin sözlərinə görə, Yunanıstan Cənubi və Mərkəzi Avropada mühüm enerji mərkəzinə çevrilib. Onun sözlərinə görə, 1986-cı ildə Yunanıstan qazı ölkənin enerji xəritəsində enerji mənbələrinin şaxələndirilməsi vasitəsi qismində təqdim etmək barədə strateji qərar qəbul edib.

"O vaxtdan biz Yunanıstanın enerji xəritəsində xeyli dəyişikliklər müşahidə etmişik. Təbii qazın bizim daxili tələbatlara nisbətdə payı orta hesabla 11 faiz təşkil edir və artmaqdadır", - o bildirib.

Papulyasın sözlərinə görə, Bakı və Afina arasında nazirlər səviyyəsində görüşləri konstruktiv olub və Yunanıstan energetika sahəsində, xüsusilə də təbii qaz sahəsində qarşılıqlı faydalı və effektiv əməkdaşlıq məsələsindən müsbət nəticələr gözləyir.

"Yunanıstan artıq qazı Azərbaycandan Türkiyə-Yunanıstan kəməri (2007-ci ildən ITGI layihəsinin bir hissəsi) vasitəsilə BOTAŞ və DEPA arasında imzalanan kommersiya sazişi əsasında idxal edir", - Prezident vurğulayıb.

"Bu, Yunanıstan bazarının 20 faizini əhatə edir. 2020-ci ildə Yunanıstanda qaza olan illik tələbat indiki 3,5 milyard kubmetrlə müqayisədə 6,5 milyard kubmetri ötəcək. Beləliklə, gözlənilir ki, Azərbaycan qazı bazarın bir qismini əhatə edəcək və rəqabət qabiliyyətli şərait yaratmağa imkan verəcək", - Papulyas əlavə edib.

ITGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri qazın Xəzər regionu və Yaxın Şərq ölkələrindən Aİ-ə tədarükünü nəzərdə tutur. ITGI nəqliyyat dəhlizi Türkiyənin yenilənmiş boru kəməri infrastrukturunu, eləcə də ITG və IGI layihələrini (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) özündə birləşdirir. ITGI qaz kəmərinin buraxılış qabiliyyəti ildə 11,8 milyard kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti