Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/
İranın Qarabağ problemi ilə əlaqədar Ermənistana yeni təminat vermək imkanları məhduddur. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
"İranın Ermənistanın daxilində konsorsium yaratmaq ideyası ən azı iki dəfə iflasa uğrayıb. Rusiyanın təhriki ilə ermənilər İranı Ermənistan ərazisində yaratdığı konsorsiumlardan qovdular. Belə acı təcrübələrə baxmayaraq İran yenidən Ermənistan ərazisində konsorsium yaradır. İran Ermənistana doğru bu addımı atmaqla ona yeni təminat vermək və bunu bütün dünyaya nümayiş etdirmək istəyir", - politoloq bildirib.
Onun sözlərinə görə, İranın və müsəlman dünyasının bəzi qrupları İran ərazisindən istifadə edərək dini ayinləri icra etmək məqsədilə Azərbaycanın ermənilər tərəfindən işğal edilən ərazilərinə keçə bilərlər.
"Bu, faktiki Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin praktik mərhələsinin başlanması deməkdir. Qərbdə də bu varianta müəyyən qədər diqqət var. Çünki Qərb İranın ümumilikdə siyasətinə, o cümlədən Ermənistanla bağlı siyasətinə şübhə ilə yanaşır", - Əhmədoğlu deyib.
Politoloq hesab edir ki, İran Ermənistanı dünya okeanına çıxarmaqda israrlıdır. "İranın nəqliyyat nazirinin müavini Ermənistanın İrandakı səfiri Arakelyanı yanına çağıraraq, bu barədə ona məlumat verib", - Əhmədoğlu bildirib.
O qeyd edib ki, Ermənistanın daxili iqtisadi infrastrukturu yükdaşımanın artmasına şərait yaratmır. "Ermənistanın iqtisadiyyatı zəif və qapalıdır. İqtisadiyyatında ilk üç yeri elektrik enerjisi istehsalı, İT və bank xidmətləri tutur. Bunların da dəmir yoluna ehtiyacları yoxdur", - Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, İranda hakimiyyətdaxili böhran var, ali dini lider prezidentlə yola getmir.
"Bu qərar qəbul ediləndə prezident küsüb evində oturmuşdu. Deməli, Ermənistanla bağlı mühüm qərarın qəbul edilməsində əsas şəxsin ali dini lider olduğunu ehtimal etmək olar. İkincisi, İranda iqtisadi problem mövcuddur: İran öz ərazisindəki layihələrini reallaşdıra bilmir. İran-Ermənistan nəqliyyat dəhlizinin ümumi qiyməti isə təxminən 4 milyard dollardır. Üçüncüsü, Ermənistanın illik yükdaşıma dövriyyəsi təxminən 2 milyon tondur", - Əhmədoölu deyib.
"Dəmiryolunda 1 ton yükdaşımanın qiymətinin 10 dollar olduğunu nəzərə alsaq, Ermənistanda illik 20 milyon dollar nəqliyyat xərci ola bilər. 4 milyard hara, 20 milyon hara", - politoloq əlavə edib.