...

Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın 15 illiyini qeyd edirlər

Siyasət Materials 3 May 2011 17:54 (UTC +04:00)
2011-ci ildə Azərbaycan və Avropa İttifaqının rəsmi əməkdaşlığının 15 illiyi tamam olur. 1996-cı ildə tərəflər tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu, münasibətlərin gələcək inkişafı və dərinləşməsi üçün əsas olub.
Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın 15 illiyini qeyd edirlər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Y.Ostapenko/

2011-ci ildə Azərbaycan və Avropa İttifaqının rəsmi əməkdaşlığının 15 illiyi tamam olur. 1996-cı ildə tərəflər tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu, münasibətlərin gələcək inkişafı və dərinləşməsi üçün əsas olub.

"1996-cı ildə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması çox mühüm addım oldu. Belə ki, bu, Azərbaycan və Aİ arasında ilk beynəlxalq saziş idi. Ümumilikdə Azərbaycana 500 milyon avroya yaxın vəsait ayrılıb", - Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia Trend-ə yuxarıda göstərilən hadisə ilə bağlı müsahibəsində deyib.

Ötən 15 il ərzində Aİ və Azərbaycan böyük irəliləyişə nail olaraq münasibətlər səviyyəsini ilkin humanitar yardımdan, ərzaq təminində yardımdan və Dağlıq Qarabağ qaçqınlarına yardımdan geniş siyasi gündəlik daxil olmaqla, çoxsahəli əməkdaşlıq səviyyəsinə çatdırıblar.

"Tez-tez deyirlər ki, Aİ Azərbaycan ilə yalnız enerji resurslarına görə əməkdaşlıq edir, - səfir bildirib. - Təcrübə göstərir ki, bu belə deyil. Əməkdaşlığımızın əvvəlində biz energetika haqqında fikirləşməmişik. Belə ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. Bundan başqa, Azərbaycan 1990-cı illərin əvvəllərində energetika bazarında hazırda olduğundan nisbətən az mühüm oyunçu idi", - Kobia qeyd edib.

Səfirin sözlərinə görə, "Aİ Azərbaycana əsl tərəfdaş kimi gələrək Azərbaycana öz suverenliyini və müstəqilliyini təsdiq etməyə kömək etmək üçün çalışıb".

2004-cü ildən qüvvədə olan Avropa Mehriban Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" (2009-cu ildən) mexanizmləri əməkdaşlığı xeyli müxtəlifləşdirməyə və dərinləşdirməyə imkan verib. Mayda "Şərq tərəfdaşlığı"na start verən Praqa Bəyannaməsinin imzalanmasının iki ilə də tamam olur.

Səfirin sözlərinə görə, 2007-ci ildən Aİ və Azərbaycan arasında iş 3 əsas istiqamət üzrə aparılıb. Onlar arasında büdcə və texniki yardım, tvinninq-layihələr, tematik proqramlar var.

Büdcə və texniki yardım çərçivəsində Avropa İttifaqı Azərbaycana energetika, ədliyyə və kənd təsərrüfatı sahələrində hökumət islahatlarının dəstəklənməsi üçün 44 milyon avro ayırıb.

"Göstərilən müddət ərzində tvinninq-layihələrin həyata keçirilməsinə 24 milyon avro ayrılıb", - Kobia bildirib. Bu mexanizm inzibati strukturların Avropa qanunvericiliyinin standartı və təcrübəsi əsasında mərhələli şəkildə yenidən qurulmasına hesablanıb.

Tvinninq-layihələr müxtəlif sahələri əhatə edir: Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dəstəklənməsi, ölkə parlamentinin Aİ-nin hüquqi standartlarına uğun olmasına yardım və s.

Layihələr benefisiar ölkələrdə və Aİ-yə üzv dövlətlərdə aidiyyəti dövlət qurumları arasında effektiv əməkdaşlıq vasitəsilə həyata keçirilir.

2009-cu ildən tematik mövzulara 6 milyon avro ayrılıb. Əməkdaşlığın bu aləti əsasən vətəndaş cəmiyyəti nümayəndələrinin müxtəlif sahələrdə fəaliyyətini dəstəkləyir. Sponsorluq edilən istiqamətlər arasında KİV-in inkişafı, bələdiyyələrin gücləndirilməsi üzrə layihələr və digər xeyli sayda layihələr var.

"1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ölkəyə "keçmişin mirası"nı dəf etməkdə kömək üçün ümumilikdə yarım milyard avro ayırıb", - səfir bildirib.

2009-cu ildə Azərbaycana ticarət sahəsində Aİ ölkələrinə rüsumsuz 6 mindən çox adda məhsul ixrac etməyə imkan verən GSP+ (General System of Preference) statusu verilib.

"Bu, Aİ-nin üçüncü ölkəyə ticarət sahəsində verə biləcəyi ən yüksək statusdur", - Kobia bildirib. GSP+ statusunun müddəti bu il bitir və indi Azərbaycan Xarici İşlər Naziriliyi ilə bu statusun uzadılması üçün iş aparılır", - Kobia deyib.

Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" ilə yanaşı, Aİ-nin Azərbaycanla əməkdaşlığı əlavə maliyyə yardımını nəzərdə tutan 2011-2013-cü illərdə Milli indikativ proqram çərçivəsində də aparılır.

Bu proqram çərçivəsində üç əsas istiqamətdə - energetika, ədliyyə və kənd təsərrüfatı sektorları üzrə büdcə yardımları üçün nəzərdə tutulan 122,5 milyon avronun ayrılması planlaşdırılıb.

"Aİ fondlarından Azərbaycanın dövlət büdcəsinə birbaşa maliyyələşdirmə əməkdaşlığın mütərəqqi formasıdır. Belə ki, bu, vəsaitlərin ayrılması üçün bizim aramızda birbaşa əlaqələrin mövcudluğundan xəbər verir, - Kobia deyib. - O, etimada və qarşılıqlı öhdəliklərə əsaslanır".

Səfirin sözlərinə görə, maliyyə mexanizminin işə salınması üçün müəyyən tələblərə əməl olunması vacibdir. Onun sözlərinə görə, islahatlar planı və makroiqtisadi sabitlik suallar doğurmur. Böyük irəliləyişin lazım olduğu əsas şərtlər dövlət büdcəsinin idarə olunmasının şəffaflığı olaraq qalır.

"Sonuncu bənd Aİ üçün maliyyələşdirmənin başlaması üzrə yekun razılaşma üçün əsas olaraq qalır, - səfir bildirib. - Aİ "düyməni basmağa" və əlavə maliyyələşdirməyə hazırdır, lakin bunun üçün Azərbaycan tərəfdən sonuncu bənd üzrə irəliləyişə əmin olmağımız vacibdir".

Səfirin sözlərinə görə, dövlət büdcəsinin idarə olunması məsələsində irəliləyiş ilk növbədə Azərbaycanın özü üçün son dərəcə vacibdir ki, öz dövlət büdcəsini möhkəmləndirsin. Bundan əlavə, dövlət büdcəsinin idarə olunmasının şəffaf sistemi Azərbaycana dünyadan daha çox maliyyə donorlarını cəlb edəcək.

"Donorlar elə ölkələrə pul yatırırlar ki, onlar həmin pullardan istifadə ediləcəyi ilə bağlı zəmanətə malikdirlər, - Kobia deyib. - Biz Azərbaycan tərəfdən bu sahədə irəliləyişlərin olması ilə bağlı bəzi işarələr görürük, lakin bu işarələrin aydın irəliləyiş olmasını gözləyirik".

Xəbər lenti

Xəbər lenti