Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Oqtay Əsədov Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinin Avropaya inteqrasiya olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Görüşdə Azərbaycan Parlamentinin sədri ATƏT PA sədrinin səfərinin Azərbaycan ilə ATƏT arasında əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Petros Eftimiu bildirib ki, Azərbaycan sadəcə ATƏT-in fəal üzvü deyil, həm də regionda önəmli dövlətlərdən biridir. ATƏT PA sədri qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvar olduğunu bildirib.