...

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə dəqiq proqramı və təklifləri var - daimi nümayəndə

Siyasət Materials 13 İyul 2011 11:59 (UTC +04:00)
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə ölkənin bu strukturda müzakirə etmək üçün irəli sürəcəyi məsələlərə dəqiq baxışı, dəqiq proqramı və təklifləri var.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə dəqiq proqramı və təklifləri var - daimi nümayəndə

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə ölkənin bu strukturda müzakirə etmək üçün irəli sürəcəyi məsələlərə dəqiq baxışı, dəqiq proqramı və təklifləri var. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Trend-ə bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurası BMT-nin ali orqanıdır və bu orqanın üzvü olmaq istənilən ölkə üçün hər şeydən əvvəl nüfuzlu hadisədir. Digər tərəfdən, Mehdiyev qeyd edib ki, BMT TŞ-nin üzvü olan ölkələr praktiki olaraq hazırda dünya ictimaiyyətini narahat edən ən aktual məsələlərin həllində, eləcə də bu gün dünyada mövcud olan qaynar nöqtələrdəki, Liviya və digər ölkələrdəki mövzular üzrə müzakirələrdə iştirak edirlər.

Azərbaycan 2012-ci il üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə öz namizədliyini irəli sürüb. Seçkilər bu ilin payızında keçiriləcək.

"Mən irəliyə getmək və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olacağı halda nə edib-etməyəcəyi barədə indidən danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanın bu strukturda müzakirə etmək üçün irəli sürəcəyi məsələlərə dəqiq baxışı, dəqiq proqramı və təklifləri var. Əgər TŞ üzvü olsaq, hesab edirəm ki, bizim bu strukturda müzakirə olunmaq üçün irəli sürəcəyimiz çoxlu məsələlər var", - ölkənin BMT-dəki daimi nümayəndəsi deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin işi əsasən bu istiqamətdə cəmləşib.

"Vəziyyət sadə deyil, məlum olduğu kimi, Azərbaycandan başqa bir yerə Şərqi Avropa qrupundan olan daha iki ölkə - Macarıstan və Sloveniya da iddialıdır. Rəqabət kifayət qədər güclüdür, lakin buna baxmayaraq, biz mübarizə aparacağıq və TŞ üzvü olmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik", - daimi nümayəndə qeyd edib.

Ümumilikdə, onun sözlərinə görə, digər beynəlxalq təşkilatlardan fərqli olaraq, Birləşmiş Millətlər Təşkilatı elə strukturdur ki, burada daim nəsə baş verir və iş epizodik deyil, kifayət qədər stabil və zəngin xarakter daşıyır.

O qeyd edib ki, Azərbaycan ən müxtəlif sahələrdə BMT-nin müxtəlif strukturları ilə sıx əməkdaşlıq edir. "Biz BMT ilə münasibətlərin kifayət qədər geniş spektrinə malikik, müxtəlif proqramlar həyata keçiririk və onlar gələcəkdə də davam etdiriləcək", - Mehdiyev qeyd edib.

Dağlıq Qarabağ münaqişəsi

Aqşin Mehdiyev bildirib ki, şübhəsiz, BMT-də Daimi Nümayəndəliyin prioritetlərindən biri ölkə üçün ən əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə işdir.

"Biz sistematik əsasda Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları, erməni rəsmi şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə hər növ səfərləri, erməni rəsmi şəxslərinin danışıqların ruhuna və atəşkəs haqqında mövcud razılaşmaya zidd olan bəyanatları barədə BMT üzvü olan ölkələri məlumatlandırırıq", - Mehdiyev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə birinci növbəli vəzifə ondan ibarətdir ki, bu məsələ daim BMT-nin baxış dairəsində olsun.

"Mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq strukturlar bu məsələ barədə nə qədər çox məlumatlandırılarsa, öz səlahiyyətləri və gücü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nə qədər təsir edərlərsə, bir o qədər yaxşıdır. Çünki nizamlanma üzrə hansısa bir qrupun inhisarçılığı həmişə müəyyən çətinliklər yaradır", - daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, məsələ o mənada sadə deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir edənlərin heç də hamısı bu mövqeni paylaşmır.

"Biz münaqişə ilə bağlı bu və ya digər məsələni müzakirəyə çıxarmaq istəyərkən çox tez-tez bu məsələnin ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda görmək istəməyənlərin müqaviməti ilə üzləşirik. Lakin buna baxmayaraq, biz öz xəttimizi aparırıq", - Mehdiyev deyib.

Səfirin dediyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi haqqında məsələ daim BMT Baş Assambleyasının gündəliyindədir və artıq bu məsələ ilə bağlı bir neçə qətnamə qəbul edilib. Sonuncu qətnamə 2008-ci ildə qəbul edilib.

Ötən il bu məsələ ilə bağlı yeni qətnamə layihəsi irəli sürülmüşdü, lakin Minsk qrupunun işğal olunmuş ərazilərə missiya göndərilməsinə razılıq verməsi ilə əlaqədar Azərbaycan xoşməramlı addım kimi bu layihəni müvəqqəti olaraq geri götürdü.

Hazırda Daimi Nümayəndəlik rəsmi Bakı ilə birgə bu məsələ barədə növbəti qətnamə layihəsinin necə, nə vaxt və hansı formada irəli sürülməsi üzərində çalışır.

"İş burasındadır ki, qətnamə layihəsini elə irəli sürmək lazımdır ki, o, səmərəli şəkildə işləsin, boş atəş olmasın və bu, eyni zamanda, münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinə mənfi təsir göstərməsin. İndi danışıqlar prosesində son dərəcə prinsipial məqamdır. Ona görə də indiki məqamda biz hələ ki onu irəli sürmürük, lakin layihə var və məsələ gündəlikdədir, Azərbaycan tərəfi nə vaxt lazım bilərsə, həmin vaxt layihə irəli sürüləcək", - Mehdiyev bildirib.

"Çox tez-tez belə fikirlər səslənir ki, guya Baş Assambleyanın qətnamələrinin icrası məcburi deyil, onlar tövsiyə xarakteri daşıyır. Ümumiyyətlə, bu belə deyil. Çünki bu qətnamələrin və bu sənədlərin hər biri BMT Baş Assambleyasının qətnaməsi statusunu aldıqdan sonra ani olaraq hüquqi sənədə çevrilir və o, Haaqa Beynəlxalq Məhkəməsinin hüquqşünaslarının əsaslandıqları bu məsələ üzrə hər hansı bir qərar üçün əsas ola bilər", - səfir deyib.

Onun sözlərinə görə, əgər həmin sənədlər hüquqi əsas və əhəmiyyət kəsb etməsələr, onda erməni tərəfi hər dəfə Azərbaycan tərəfi bu qətnamələri irəli sürəndə isterikalar qurmazdı.

Səfir bildirib ki, qətnamələr çox güclü alət və danışıqlarda mübarizə aparan tərəflərə təsir edən vasitədir.

İkili standartlar

"Mən ilk dəfə bu məsələlərlə Avropa Şurasında işləyəndə üzləşmişəm, onda məni Azərbaycan tərəfinin münaqişəni hərbi yolla həll etmək imkanlarından tez-tez danışdığıma görə qınayırdılar ki, bu yolverilməzdir, guya bu halda Azərbaycan Avropa Şurasına üzvlükdən məhrum ola bilər", - BMT-dəki Daimi Nümayəndəliyin rəhbəri bildirib.

"Avropa Şurasının yüksək rütbəli şəxslərindən biri ilə söhbətim zamanı mən ona belə bir sualla müraciət etdim ki, necə olur ki, Ermənistan güc tətbiq edərək özgə əraziləri işğal edir, siz AŞ üzvlərindən birinin qurumun digər üzvünə qarşı güc tətbiq etməsi nəticəsində yaratdığı status-kvo vəziyyətini tanıyırsınız, digər tərəfi isə özünümüdafiə hüququndan istifadə etməkdən məhrum edirsiniz? Bu heç bir çərçivəyə sığmır", - daimi nümayəndə deyib.

Diplomatın fikrincə, elə buradan da "ikili standartlar" başlayır.

Bu gün Azərbaycan diplomatiyası fəal təbliğat kampaniyası aparır.

Bu günlərdə BMT-dəki bir sıra ölkələrin, əsasən Afrika, Sakit Okean regionu, Asiya və Karib regionu ölkələrinin daimi nümayəndələrinin qrupu Azərbaycanda olub.

"Onlar burada gördüklərindən həqiqətən də təəccübləndilər. Həmin diplomatlar indiyə qədər Azərbaycan haqqında çox nisbi təsəvvürə malik idilər və onlar bu gün Bakıda baş verənləri, Azərbaycanın bu gün faktiki olaraq intibah dövrü yaşadığını gördükdə, həqiqətən də təəccübləndilər", - Mehdiyev bildirib.

"Daimi nümayəndələr Qubada 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım qurbanlarının kütləvi məzarlığını görəndə, qadınlar öz göz yaşlarını saxlaya bilmədilər və sarsıntı keçirdilər", - səfir deyib.

"Çox güman ki, hər halda beynəlxalq birliyin məlumatlandırılması üzrə təbliğat işini daha da fəallaşdırmaq lazımdır və bununla erməni təbliğatına qalib gəlmək və "ikili standartlar"a təsir etmək olar", - BMT-dəki Daimi Nümayəndəliyin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti