Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatı ilə bağlı Türkiyə ilə Kipr Respublikası arasında başlamış böhran genişlənməməlidir və biz ümid edirik ki, Kipr tərəfi Türkiyəni buna görə hərbi güc tətbiq etməyə məcbur etməyəcək. Bu barədə bazar ertəsi Türkiyə Baş nazirinin müavini Bülənt Arınç "Euronews" telekanalına müsahibəsində deyib. Trend-in məlumatına görə, xəbəri "Milliyət" qəzeti yazıb.
"Aralıq dənizində neft və qaz kəşfiyyatı aparan Türkiyə gəmilərini müşayiət edən hərbi gəmilərin iştirakı hansısa ölkəyə qarşı yönəlməyib. Lakin Kipr tərəfi Türkiyəni müəyyən hərbi hərəkətə təhrik etməməlidir", - Arınç deyib.
Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasına cavab olaraq Türkiyə bazar ertəsindən Şimali Kipr Türk Respublikası ilə birlikdə neft və qaz kəşfiyyatına başlayıb.
Ötən çərşənbə günü Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.