...

Azərbaycan və İranın sərhəd komandanlığı silahlı insidentin baş verdiyi ərazidə görüşəcək

Siyasət Materials 21 Oktyabr 2011 14:04 (UTC +04:00)
Oktyabrın 19-da sərhəddə İran vətəndaşının ölümü ilə nəticələnən silahlı insidentin araşdırılması məqsədi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti və İranın Sərhəd Qoşunları Komandanlığının nümayəndələri hadisənin baş verdiyi yerdə görüşəcəklər.
Azərbaycan və İranın sərhəd komandanlığı silahlı insidentin baş verdiyi ərazidə görüşəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Cəfərov/

Oktyabrın 19-da sərhəddə İran vətəndaşının ölümü ilə nəticələnən silahlı insidentin araşdırılması məqsədi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti və İranın Sərhəd Qoşunları Komandanlığının nümayəndələri hadisənin baş verdiyi yerdə görüşəcəklər. Bunu İranın Sərhəd Polisinin Ərdəbil ostanı üzrə komandanı, polkovnik Seyid Müctəba Musəvi deyib. Trend-in məlumatına görə, xəbəri cümə günü İranın İSNA xəbər agentliyi yayıb.

Onun sözlərinə görə, bu barədə qərar cümə axşamı İranın Parsabad sərhəd məntəqəsində İran və Azərbaycan sərhədçilərinin görüşündə qəbul edilib.

"Hadisə Parsabad bölgəsinin Firuzabad kəndi istiqamətində baş verib. İran Sərhəd Polisinin Xorrəmabad şəhərindən olan 18 yaşlı gənc əsgəri silahsız şəkildə, səhvən Azərbaycan ərazisinə daxil olub və Azərbaycan sərhədçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişib", - Musəvi deyib.

İran KİV-in yaydığı məlumata görə, hadisənin araşdırılması məqsədilə İranın Sərhəd Qoşunları Komandanlığının nümayəndəsi Bakıya gələcək.

Azərbaycanın İranla sərhədini pozduğu üçün sərhədçilər tərəfindən açılan atəş nəticəsində İran vətəndaşı dünyasını dəyişib.

Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti