...

Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər

Siyasət Materials 23 Noyabr 2011 18:00 (UTC +04:00)
Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Salmanov/

Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər. Trend-in məlumatına görə, iclasda çıxış edən deputat Yevda Abramov deyib ki, büdcə layihəsində əvvəlkilərə nisbətən təkamül var.

Abramov Qubanın dağ kəndlərinin problemlərindən danışıb. Kəndlərdə iş yerlərinin, xəstəxana, məktəb, uşaq bağçası və iaşə obyektlərinin tikintisini vacib sayıb.

Deputat Əhliman Əmiraslanov bildirib ki, büdcə layihəsi müsbət dəyişiklikləri özündə təcəssüm etdirib. Büdcə sosial yönümlüdür. Elm və təhsil sahəsinə ayrılan vəsait artırılıb ki, bu da sevindiricidir.

"Bütün bunlara baxmayaraq, bu sahəyə vəsaitin daha çox artırılması lazımdır. Vətəndaşlarımızn normal müalicəsi üçün xəstəxanalar tikməsək, avadanlıqlar gətirməsək, bu, sonra ciddi problemə çevrilə bilər. Nəzərə alsaq ki, bu sahədə ildən-ilə tələbat artır. Daha çox vəsait ayırmaq lazımdır. Bütün bunlar təhsil sahəsinə də aiddir", - o deyib.

Deputat Musa Quliyev isə qeyd edib ki, büdcədə kifayət qədər reallıqlar nəzərə alınıb. Deputat gələn ilin büdcəsində icbari tibbi sığortanın da tətbiq olunmasını təklif edib. Quliyev dərman prerparatlarının qiymətlərinin qalxdığını, bunun qarşısını almaq üçün dərmana tətbiq olunan əlavə dəyər vergisinin götürülməsinin vacib olduğunu deyib.

Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, büdcə layihəsində sosial inkişaf üçün proqramlar lazımi formada nəzərdə tutulub. Ölkədə gedən sürətli iqtisadi inkişaf büdcədə öz əksini tapıb, bu, qarşıya qoyulmuş hədəflərə qısa bir müddətdə nail olmağa imkan verir.

Yardımlı rayonunun problemlərindən danışan deputat Sabir Rüstəmxanlı bu rayona büdcədən ayrılan vəsaitin artırılmasına çağırıb. Ölkənin maliyyə imkanlarının artdığını deyən Rüstəmxanlı məmurların laqeydliyindən danışıb. Deputat deyib ki, nəinki vətəndaşlar, heç millət vəkilləri də məmurların qəbuluna düşə bilmirlər.

Deputat Elmira Axundova müəllim və tibb işçilərinin maaşlarının artırılmasının vacib olduğunu deyib, həmçinin, tarixi mədəniyyət abidələrinin təmiri və bərpasının vacibliyinə diqqət çəkib.

Millət vəkili Gülər Əhmədova deyib ki, uşaq bağçaları özəlləşdirilərkən bildirmişdilər ki, özəlləşəndən sonra Prezidentin sərəncamına uyğun olaraq bağçaların təyinatı dəyişməyəcək. İndi bir neçə bağça istisna olmaqla, bağçaların yerində binalar tikilib.

"Yaxşı olar ki, özəlləşdirilməyə açılan bağçaların özəlləşdirilməsi dayandırılsın. 20 ildən sonra bu zala gələcək millət vəkilləri arasında da Azərbaycan dilini bilməyənlər ola bilər", - Əhmədova əlavə edib.

Deputat Səttar Mehbalıyev bildirib ki, büdcə layihəsi qənaətbəxşdir. "Azərbaycanda bu ilin yekunları üçün nəzərdə tutulur ki, orta aylıq əməkhaqqı 327 manatdır. Gələn il isə bu, 400 manatdan çox olacaq. Bu, kifayət qədər mütərəqqi haldır", - Mehbalıyev vurğulayıb.

O, həmçinin qeyd edib ki, nəzərdə tutulan proqramlar büdcənin neftdən asılılığını tədricən aradan qaldıracaq.

Gülçöhrə Məmmədova, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Hadı Rəcəbli, Aydın Mirzəzadə, Leyla Abdullayeva, Eldar Quliyev və digər deputatlar təmsil olunduqları rayonların problemlərindən danışıblar, həmçinin, öz təkliflərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti