...

Fikrət Akçura: Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur

Siyasət Materials 7 Dekabr 2011 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı BMT İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura deyib.

"Azərbaycan orta insani inkişaf kateqoriyasından yüksək kateqoriyaya keçib və keçmiş sovet respublikalarından yalnız Azərbaycan bu yüksək inkişafa nail olub", - o deyib.

Akçura vurğulayıb ki, Azərbaycanda ərzaq məhsulları indeksi xeyli artıb və bu indekslə yanaşı, əsasən taxıl və heyvandarlıq sahəsində artım müşahidə olunur.

"Hökumətin yoxsulluğun azaldılması strategiyasına nəzər saldıqda, bu sahədə Azərbaycanın mövcud vəziyyəti yaxşıdır", - rezident əlaqələndirici qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar iqtisadi sahədə daha çox yer tapıblar.

"Məşğulluq sahəsində Azərbaycandakı qadınlar qonşu ölkələrlə müqayisədə daha az çətinliklər və maneələrlə üzləşirlər. Qadın deputatların sayında da artım müşahidə edilir", - Akçura deyib.

O qeyd edib ki, ölkədə görüləsi işlər də var.

"İnsan ömrünün daha da uzadılması və 5 yaşadək uşaqlar arasında ölüm sayının azaldılmasına nail olmaq lazımdır", - Akçura bildirib.

Xəbər lenti

Xəbər lenti