...

Qondarma "erməni soyqırımı" ilə bağlı qanunun Fransa Senatında müzakirəsi Avropa Şurasının dəyər və prinsiplərinə tamamilə ziddir - Azərbaycan deputatı

Siyasət Materials 23 Yanvar 2012 20:34 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layıhəsinin Fransa Senatında müzakirəsi Avropa Şurasının və AŞ PA-nın dəyər və prinsiplərinə tamamilə ziddir.
Qondarma "erməni soyqırımı" ilə bağlı qanunun Fransa Senatında müzakirəsi Avropa Şurasının dəyər və prinsiplərinə tamamilə ziddir - Azərbaycan deputatı

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layıhəsinin Fransa Senatında müzakirəsi Avropa Şurasının və AŞ PA-nın dəyər və prinsiplərinə tamamilə ziddir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış plenar sessiyasının ilk iş günü çıxışında Azərbaycanın millət vəkili Qənirə Paşayeva deyib.

"Mən Fransada son günlər baş verən bir məsələyə sizin diqqətinizi yönəltmək istəyirəm. Bilirsiniz ki, Fransa Parlamenti sözdə erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılmasına dair qanun layıhəsini qəbul edib. Bu gün isə bu məsələ Senatda müzakirə olunur. Bu kimi addımlar Avropa Şurasının və assambleyamızın dəyər və prinsiplərinə, söz və düşüncə azadlığı, tarixi araşdırmalar aparmaq azadlığı, insan azadlığı və insan haqları kimi dəyər və prinsiplərə tamamilə ziddir. Gəlin, bu cür qərarların nələrə gətirib çıxara biləcəyini düşünək. Əgər Avropa Şurasına daxil olan ölkələrin parlamentləri, senatları bir-birinin tarixini özlərinə sərf edən kimi araşdırmağa başlasalar, tarixi faktlara deyil, siyasi maraqlara söykənən bu cür qərarlar qəbul etsələr, Avropa məkanında, görün, nələr baş verə bilər. Bilirsiniz ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri dəfələrlə Ermənistan rəhbərliyinə müraciət edərək "biz bütün arxivləri açmağa hazırıq, siz də bütün arxivlərinizi açın. Dünya ölkələrində bununla bağlı nə qədər arxivlər var, açılsın. Türkiyənin, Ermənistanın və bu məsələdə maraqlı olan bütün ölkələrin tarixçiləri oturub birgə araşdırma aparsınlar və biz o araşdırmaların nəticələrini qəbul etməyə hazırıq" dedi. Amma Ermənistan rəhbərliyi bu dəvəti qəbul etmədi və obyektiv tarixi araşdırmaların aparılmasını qəbul etmədi və bu gün də etmir.

Çünki çox yaxşı bilirlər ki, belə bir soyqırım olmayıb. Amma bütün bunlardan sonra sözdə erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbulu düşünə bilən hər bir insanda ciddi təəssüf doğurur. Fransada 500 minə yaxın türk əsilli insan yaşayır. Belə çıxır ki, bu qanundan sonra onları həbsxana gözləyir. Bəs insan azadlığı, insan haqları kimi dəyərlər nə olacaq? Sözdə erməni soyqırımı iddiaları ilə bağlı araşdırma aparıb fərqli fikir və tarixi faktlara əsaslanan fərqli yanaşma ortaya qoyan jurnalistlər, araşdırmaçılar, tarixçilər həbsxanalara salınacaqsa, onda söz azadlığı, düşüncə azadlığı kimi dəyərlər nə olacaq? Gəlin bunları düşünək... Mən Fransadan olan həmkarlarıma, eyni zamanda, bütün həmkarlarıma üz tutaraq səslənirəm. Tarixin, söz, düşüncə azadlığı, insan haqları kimi dəyərlərin siyasi maraqların qurbanına çevrilməsinə izn verməməliyik. Yoxsa bu günlə bərabər gələcək nəsillər üçün də, Avropanın ümumi gələcəyi üçün də pis bir tendensiyanın əsasını qoya bilərik", - millət vəkili bildirib.

O qeyd edib ki, Fransa Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədridir. Və o həmsədr kimi neytral, obyektiv və tərəfsiz olmalıdır.

"Amma bu cür qərarlar Fransanın münaqişənin tənzimlənməsində neytral, obyektiv və tərəfsiz ola biləcəyini ciddi sual altına qoyur və Parisin vasitəçi roluna böyük zərbə vurur. Mən fransız həmkarlarımı bunları daha geniş düşünməyə çağırıram", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti