Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Fransaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə tələsmir. Belə ki, Fransa Senatı tərəfindən qondarma "erməni soqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi Parisin bu məsələ üzrə hələ yekun qərarı deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyə Baş nazirinin müavini Əli Babacan bildirib.
"Türkiyə Fransaya qarşı iqtisadi sanksiyalar məsələsində gözləmə mövqeyini tutub", - o deyib.
Babacanın sözlərinə görə, Türkiyə qondarma "erməni soyıqırımı" haqqında qanunla bağlı hadisələrin gedişatını izləyir və ölkənin gələcək addımları Parisin bu məsələ üzrə qərarı ilə müəyyənləşəcək.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan artıq bəyan edib ki, Türkiyə Fransaya qarşı yeni sanksiyalar hazırlayır.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.