...

Ceyms Appaturay: Azərbaycanın bundan sonra da NATO-nun sülhyaratma əməliyyatlarında iştirak edəcəyinə əminəm (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 10 Fevral 2012 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend müxbir S.Ağayeva/

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə NATO ilə əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Alyansın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin NATO ilə əlaqələrin davam etdirilməsi və inkişafına sadiqliyini təsdiqləyib", - Appaturay deyib.

O, Azərbaycana Əfqanıstandakı sülhyaratma fəaliyyətinə görə təşəkkürünü bildiirb və ölkənin bundan sonra da NATO-nun sülhyaratma əməliyyatlarında iştirak edəcəyinə əminliyini ifadə edib.

"Biz Azərbaycan Prezidenti ilə NATO-nun Çikaqoda növbəti sammitinə hazırlıq məsələlərini də müzakirə etdik. Mən gözləyirəm ki, Azərbaycan Prezidenti və NATO-nun baş katibi alyans və Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsini bu sammitdə hərtərəfli müzakirə edəcəklər", - Appaturay deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev artıq bu sammitə dəvət alıb.

"Biz Azərbaycanla əməkdaşlığı Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində davam etdiririk" , - NATO-nun xüsusi nümayəndəsi qeyd edib.

Appaturay, həmçinin Azərbaycanın Əfqanıstana yüklərin tranzitində rolunu yüksək qiymətləndirərək əlavə edib ki, bu yüklərin 30 faizi ölkəmizin ərazisindən keçir.

"Biz ümid edirik ki, bu istiqamətdə əməkdaşlığımız davam etdiriləcək ki, bunu da Prezident İlham Əliyev təsdiq edib. O bizi əmin edib ki, Azərbaycan əvvəlki kimi yüklərin tranziti məsələsində NATO-nun etibarlı tərəfdaşı olaraq qalır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti