Azərbaycan, Bakı, 4 may /Trend/
Ermənistan Milli Konqresinin (EMK) nümayəndələri parlament seçkiləri ərəfəsində ritorikanı sərtləşdirir və çevriliş imkanları haqqında bəyanat verirlər. Bu barədə Trend cümə günü "Armenia Today"-ə istinadən məlumat verir.
"Mayın 6-da keçiriləcək seçkilər tamamilə saxtalaşdırılacaq və biz bunu çox yaxşı anlayırıq. Biz bilirik ki, artıq iki gündür Ermənistan Respublika Partiyası tərəfindən kütləvi rüvşət paylama prosesi gedir. Bu proses hətta rüşvət vermək məsələsi üzrə də inhisarçılıqdadır. Hüquq-mühafizə orqanları təkcə rüşvət verən respublikaçıları tutmurlar", - seçkilərdə saxtalaşdırma faktlarının qarşısını almaq üçün müxalifətin hansı addımlar atmaq niyyətində olduğunu şərh edən EMK-nın üzvü, sabiq Baş nazir Qrant Baqratyan qeyd edib.
O deyib ki, EMK seçicilərin ələ alınması ilə bağlı faktlara və hətta videogörüntüyə malikdir. Baqratyanın sözlərinə görə, EMK seçkilərə nəzarət üzrə vahid qərargahın tərkibinə daxil olub və onun seçkilərə başqa cür təsir etmək imkanları yoxdur. Yalnız bir imkan qalır ki, o da üsyan, çevriliş və ya inqilabdır. Baqratyan vurğulayıb ki, ölkədə inqilabı təmin etmək üçün EMK-nin resursları var.
Onun sözlərinə görə, digər qüvvələrdən fərqli olaraq, insanlar Konqresin mitinqinə öz istəyi ilə gəlirlər. "Hətta bəzi yaşayış məntəqələrindən orada mitinq keçirmək haqqında məktublar daxil olur. Çünki insanlar Konqres ilə görüşlərdə iştirak etmək istəyirlər və bunu inqilab dalğasına çevirmək çətin deyil", - Baqratyan qeyd edib.