...

"Heydər zirvəsi”nə böyük yürüş keçirilib (FOTO)

Siyasət Materials 10 May 2012 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyi ilə bağlı Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə bir həftə ərzində yürüş keçirilib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, builki yürüş öz kütləviliyi ilə fərqlənib.

Belə ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 4-11 may tarixlərində keçirilən yürüşdə iştirak etmək üçün Hava və Ekstremal İdman Növləri Federasiyasından 241 nəfər, Azərbaycan Alpinizm Federasiyasından isə 75 nəfər müraciət etmişdi. Nazirlik tərəfindən müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilməklə yanaşı, ETSN-in əmrinə əsasən, bir həftə ərzində ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad ediliblər.

ETSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, adi vaxtlarda bu zirvəyə yürüş üçün qoruğa giriş yerli turistlər üçün 26 manat, xarici turistlər üçün isə 52 manatdır.

"Ümumilli liderin xatirəsinə həsr olunan bu yürüş münasibətilə isə mayın 4-dən 11-nə qədər bu ödənişlər tətbiq olunmur", - məlumatda bildirilib.

Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Xınalıq kəndi ərazisindən "Heydər zirvəsi"nə gedən marşrut yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib, zirvənin ətəyində salınmış düşərgəyədək aparan cığırlarda isə 10 metrdən bir yerə sancılmış qarğılar yolu nişan verir.

Yürüş iştirakçılarından Zirvəyə dumanlı şəraitdə irəliləyənlərin sözlərinə görə, nişanlar çətin hava şəraitinin olmasına baxmayaraq, müvəffəqiyyətlə yola davam etməyə şərait yaradır.

Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev Trend-in müxbiri ilə söhbətdə bildirib ki, ötən illərdə analoji yürüş üçün düşərgə Xınalıq kəndində daha yaxın, "Atəşgah" adlanan yerdə salınırdısa, bu il iştirakçıların məskunlaşdığı yer birbaşa "Heydər zirvəsi"nin ətəyində yerləşib. 3000 metr hündürlükdə yerləşən düşərgənin özü də yürüş iştiraçıları üçün ekstremal şərtlərə uyğunlaşdırılıb. Burada salınmış dəyələrdə tək zirvəyə qalxanlar deyil, həmçinin onlara xidmət edən şəxslər də qalır. Zirvəyə qalxmaq istəyənlərin səhhəti isə həkimlər tərəfindən diqqət mərkəzində saxlanılır.

Böyük Qafqazın Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi" 3751 metr hündürlükdədir.

Builki yürüşə kütləvilik və xüsusi rəng qatan isə sınaqlardan keçmiş idmançılarla yanaşı, ETSN-in əməkdaşlarının və jurnalistlərin iştirakı olub. Qurumun əməkdaşları və media mənsubları da soyuq hava şəraitinə baxmayaraq, beş saatadək dağ cığırları ilə piyada yol qət edərək düşərgədə məskunlaşıblar, Qafqaz dağlarının sərt təbiətini yürüş iştirakçıları ilə birgə görüblər.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı "Heydər zirvəsi"nə yürüş edib.

Xəbər lenti

Xəbər lenti